Qaydasız döyüşdə azərbaycanlı izi Portret FOTO


Digərləri 25 May 2018 21:06:00 322 0

Qaydasız döyüşdə azərbaycanlı izi  Portret  FOTO

Onu "nokaut"la idmandan uzaqlaşdırmaq mümkün olmayıb 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İdman təkcə olimpiya növlərindən ibarət deyil. Bir çox sevilən idman növü var ki, olimpiya oyunlarının proqramından kənarda qalıb. Döyüş idmanı həvəskarlarının ən sevimli növü isə heç şübhəsiz, peşəkar boks və qaydasız döyüşdür. Lakin təəssüf ki, olimpiya idman növləri ilə müqayisədə bu cür yarışlarda azərbaycanlı idmançılara bir qədər az rast gəlirik. Ancaq bu yarışlarda ölkəmizi layiqincə təmsil edən döyüşçülər də yox deyil. Bu idmançılardan biri də artıq uzun müddətdir MMA-da ölkəmizin şərəfini layiqincə qoruyan Bəxtiyar Abbasovdur.     Davakar oğlan      Bəxtiyar Abbasov 1985-ci il noyabrın 30-da Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya gəlib. Rayon ermənilər tərəfindən işğal edildikdən sonra Abbasovlar ailəsi Bakıya köçməyə məcbur olur. Uşaq vaxtı bir qədər davakar, dəcəl olan Bəxtiyarın idmana həvəsinin yaranması üçün xüsusi bir səbəb yox idi. Onun atası, əmiləri güləşçi olmuşdu. Qardaşı isə artıq bir müddət idi cüdo ilə məşğul olurdu. Ailədə idmana olan həvəs Bəxtiyarı da bu sahəyə yönəldir. Ata Abbasov da oğlunda olan həvəsi görür və onu idmana yazdırır. Bəxtiyarın ilk məşğul olduğu idman növü isə karate olub. Həmin vaxtlar azyaşlılar arasında bu idman növünə böyük axın var idi. Bəxtiyar da bu axın istiqamətində hərəkət edir və karateyə yazılır. Lakin onun bu idman növündə günləri çox çəkmir. Gələcək çempion 1996-cı ildə böyük qardaşı Şəhriyardan nümunə götürüb cüdoya keçid edir. Bununla da, onun rəngarəng idmançı karyerası başlayır.

Cüdodan qaydasız döyüşədək   Niyə rəngarəng? Çünki Bəxtiyar idmançı karyerası ərzində bir yox, bir neçə idman növü ilə məşğul olub. Qısa karate karyerasından sonra cüdoya üz tutan Abbasov, bu idman növündə uzun müddət çıxış edir. Lakin Bəxtiyar müəyyən müddət sambo ilə də məşğul olur. Əslində, sambo ilə cüdo bir-birinə çox oxşar idman növləri olduğundan, bunda təəccüblü heç nə yox idi. Lakin 2006-cı ildə Abbasov karyerası ilə bağlı radikal qərar verir. O, qaydasız döyüşə keçmək fikrinə gəlir. Çox riskli qərar idi. Hər idmançı olimpiya idman növlərindəki kimi çoxlu qaydaları olan bu idman növünə qol qoymağa cürət etmir. Lakin uşaq vaxtından döyüşə, mübarizəyə həvəsli olan Bəxtiyara cüdo, sambo yox, daha cürətli idman növü ilə məşğul olmaq lazım idi. Nəhayət, o, özünü açıq döyüşə imkan verən qaydasız döyüşdə tapır. İki ilə yaxın həvəskar yarışlarda iştirak edən Bəxtiyar, 2008-ci ildən peşəkar səviyyədə MMA döyüşçüsü olur. Elə həmin ildə Qazaxıstanda "Dəmir Dağ" çempionatında ağır çəkidə iştirak edən Abbasov, yarışın qalibi olur. Daha sonra İranda keçirilən pankration üzrə dünya çempionatında 95 kq çəkidə iştirak edir. Həmin yarışda Azərbaycandan getmiş bütün idmançılar məğlub olur. Yalnız Abbasov qardaşları - Bəxtiyar və Şəhriyar cənub qonşumuzdan qızıl medalla qayıdırlar.    Nokautun yıxa bilmədiyi çempion    Qələbələr, yaxşı nəticələr artdıqca, həvəs də artır. Bəxtiyar qaydasız döyüşdə qələbələri sıralayırdı. Lakin idman da həyat kimidir. Burda da qələbələrlə yanaşı, məğlubiyyətlər də mümkündür. Abbasov da idmanın bu "qara zolağ"ından yayına bilmir. 2011-ci ilin fevralında keçirdiyi görüş nəinki Bəxtiyarın yaxınlarını, həm də azərbaycanlı idman həvəskarlarını kədərləndirdi. Abbasov bütün görüşü üstün keçirdiyi İqor Slyusarçukla döyüşdə ani bir səhvdən nokauta düşür. Bu, onun peşəkar rinqdə ilk nokautu idi. Yenilginin ardından Bəxtiyarın yaxınları ona qaydasız döyüşü tərk etməyi məsləhət bilirlər. Hətta şəxsi məşqçisi olan qardaşı Şəhriyar da ona "bəlkə kifayətdir?" deyir. Lakin Abbasovun böyük zəhmət hesabına girdiyi bu yoldan bir zərbə ilə kənarda qalmaq fikri yox idi. Bütün məsləhətlərə, xahişlərə baxmayaraq, "davam edəcəm" deyir, edir də. Düzdür, Slyusarçukla döyüşdəki nokautdan sonra Abbasov təxminən 6-7 ay rinqlərdən uzaq qalmalı olur. Lakin özünü bərpa etdikdən sonra döyüş səhnəsinə qayıdan çempion, qələbələrini də davam etdirir.

Medallarla zəngin karyera   Qələbələrdən söz düşmüşkən, Bəxtiyarın idman yarışlarında bir xeyli uğuru var. Onun bu günə kimi PROFC-GPG çempionu, pankration üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, Jiu-jitsu üzrə dünya çempionu, əlbəyəxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya Kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo və cüdo üzrə Azərbaycan çempionu, MMA WMMAF versiyası üzrə dünya çempionluqları var.

Abbasov bir neçə gün öncə daha bir uğura imza atdı. 33 yaşlı idmançı MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnir. Bakıda təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə 84 kq çəki dərəcəsində çıxış edən Abbasov, kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. 5 raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan Bəxtiyar qarşılaşmanı vaxtından əvvəl başa vurub. O, 4-cü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.    Qaydasız döyüşü sevsə də...   Onun idmançı karyerasına başlamasında böyük qardaşı Şəhriyarın da rolu çox olub. Belə ki, məhz qardaşının uğurlarından həvəsə gələn Bəxtiyar, idmana yazılmaq qərarına gəlir. Təbii ki, hər iki qardaşda idmana həvəs yaradan şəxs isə vaxtilə güləşlə məşğul olmuş, idmana böyük həvəsi olan ataları olub. Lakin ata Abbasova oğullarının böyük yarışlardakı qələbələrini görmək qismət olmur. O, çox erkən, 1999-cu ildə həyatdan köçür. Bəxtiyar bu gün də idman arenalarında hər qələbə qazananda atasını xatırlayır, uğurlarını ona həsr edir. 

Bəxtiyar ailəlidir. Onun 1 qız, 2 oğul övladı var. Abbasov idmana həvəsi öz övladlarına da aşılayır. Belə ki, o, hər iki oğlunu cüdoya yazdırıb. Özü qaydasız döyüşə nə qədər bağlı olsa da, oğullarının gələcəkdə bu idman növü ilə məşğul olmalarını istəmir, "çox çətindir" deyir. O, oğullarını gələcək olimpiya çempionu kimi görməyi arzulayır.


Xəbərə aid fotolar