Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə


Digərləri 25 May 2018 18:09:10 296 0

Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə

“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Bilik Fondunun gördüyü çoxşaxəli işlər haqqında məlumat verib. Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun koordinatoru, Fondun əməkdaşı Elnarə Əliyeva “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun bir illik fəaliyyəti ilə bağlı hesabat verib, klubun üzvləri, onların çoxsaylı tədbirlərdəki iştirakı barədə məlumatı diqqətə çatdırıb. Cümhuriyyət dövrünün tədqiqatçılarından Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Anar İsgəndərli “Müsəlman Şərqində ilk Respublika”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Şərq dünyasının ilk Xalq Cümhuriyyəti”, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Azərbaycan Cümhuriyyəti azərbaycançılığın inkişafında mühüm mərhələ kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Natiqlər 23 aylıq Xalq Cümhuriyyəti dövrünün Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdiyini bildiriblər. Şərq dünyasında ilk Demokratik Respublika olan və Avropa ölkələrinin demokratik prinsiplərini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli dövrlərindən birini əhatə etdiyi diqqətə çatdırılıb.