Bu gün AXC-nin 100 illiyinə həsr edilmiş "Son iclas" filminin təqdimatı keçiriləcək


Digərləri 25 May 2018 16:54:37 166 0

Bu gün AXC-nin 100 illiyinə həsr edilmiş "Son iclas" filminin təqdimatı keçiriləcək

Film 3 gün ərzində "CinemaPlus" kinoteatrlar şəbəkəsində ödənişsiz nümayiş etdiriləcək

Bu gün axşam Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Son iclas" bədii-sənədli filminin təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və "BP Azerbaijan" şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Filmin təqdimat mərasimindən əvvəl təşkil olunmuş mətbuat konfransında Bakı Media Mərkəzinin Baş icraçı direktoru Orman Əliyev bildirib ki, film 3 gün ərzində "CinemaPlus" kinoteatrlar şəbəkəsində ödənişsiz nümayiş etdiriləcək. O deyib ki, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır".

Onun sözlərinə görə, filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb: "Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan çəkilişlərdə iştirak edib. Ümumilikdə, filmin layihəsi üzərində 700 nəfərlik heyət işləyib. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün çox qurur duyuruq".

"BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir: "Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərə-istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

"Son iclas" bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, qurulçu rəssamı isə Şahin Əliyevdir.

Filmin ssenari müəllifi qeyd edib ki, film çəkilərkən Azərbaycan, Rusiya, Türkiyə, İngiltərə, Fransa arxivlərindəki tarixi sənədlərdən istifadə olunub.