Arıçılıqla məşğul olanlara xoş xəbər VİDEO FOTO


Digərləri 25 May 2018 14:29:00 288 0

Arıçılıqla məşğul olanlara xoş xəbər  VİDEO  FOTO

Bu mövsümdə arıçılar 40-dan çox növü olan may balını bazarlara çıxarırlar. Xüsusi saxlanma şəraiti və istifadə müddəti olmayan bal bir çox dərdin dərmanıdır. 

Son.az ARB 24-ə istinadən xəbər verir ki, mütəxəssislər "may balı"nı xüsusi fərqləndirirlər. Buna el arasında "beçə balı" da deyilir. İlkin açan çiçəklərdən yığıldığına görə belə adlanır. Bu səbəbdən də digər ballardan fərqli olaraq spesifik iy və dada malikdir.

Mütəxəssislər deyirlər ki, "may balı" süzüləndən sonra onu dərhal istifadə etmək olmaz. Əks halda keyfiyyəti itə bilər. Mayda yığıldığına görə, rəngi açıq olur, getdikcə tünd qızılı rəngə doğru dəyişir. Bu da getdikcə onun keyfiyyətinə müsbət təsir göstərir. 16 ildir arıçılıqla məşğul olan Xəyal Qarayev deyir ki, hazırda yığımına başlanılan "may balı", əsasən, Aran bölgəsinin payına düşür.  Xəyal Qarayev - Arıçı: "Aran zonasında ot bitkilərinin çiçəklərindən əmələ gəlir. Rəngi çox şəffaf olur. Misal üçün, akasiya balı may balıdır. Bir yeşikdə normalda 80-100 min arı qoşunu olmalıdır ki, çöldən bal əldə etmək olsun". Arıçılıq kənd təsərrüfatında incəlik və çox diqqət tələb edən sahədir. 2017-ci ilin statistik məlumatına görə, Azərbaycanda 300 minə yaxın arı ailəsi var. Ailə təsərrüfatlarının sayı isə 20 mindən çoxdur. Ölkədə arıçılıq sahəsi intibah dövrünü yaşayır. Bal istehsalını stimullaşdırmaq məqsədilə dövlət arıçılıqla məşğul olan sahibkarlara subsidiyalar verəcək. Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: "Hər arı ailəsinə görə 10 manat subsidiya veriləcək. Hazırda hazırlıq işləri gedir. Bəzi müzakirələr aparılır. Güman edirəm ki, bu ilin arıçılıq mövsümündə subsidiya verə biləcəyik". Arıçılıqla məşğul olanların bir-birilə təcrübə mübadiləsi aparması bu sahənin inkişafına xeyli təkan verib. Son bir neçə ayda arı ailələrinin sayı yüz minədək artaraq 4 yüz min təşkil edib.  3 ilə yaxındır Azərbaycan balının xarici ölkələrə ixracına başlanılıb. Təkcə ötən il müxtəlif ölkələrə 6500 kq bal satılıb. Azərbaycan balına maraq göstərənlər, əsasən, Yaponiya və Ərəb ölkələridir. Bu gün Azərbaycan balı Ukrayna, Türkiyə, Rusiya və Argentina kimi ölkələrlə rəqabət aparır. Ölkəmizdə istehsal olunan premium bal keyfiyyətinə görə digərlərindən fərqlənir.  Qadir Mustafayev - Arıçılar Assosiasiyası rəyasət heyətinin üzvü: "Qaratikan balıdır, şabalıd balıdır, akasiya balıdır. Ümumilikdə götürdüyümüz may balının həm tərkibi çox zəngindir, həm də keyfiyyət cəhətdən başqa ölkələrdəkindən üstün olduğu üçün bizim bala maraq artmaqdadır. Bizə artıq müəyyən təkliflər gəlməkdədir. Yaponiya bu il də maraqlıdır bizdən bal almağa. Çin Xalq Respublikasından artıq bizə təkliflər gəlib. Çalışırıq ki, daha keyfiyyətli olsun balımız, daha yaxşı bal istehsal edək. Arıçılara assosiasiya olaraq dəstək olacağıq". Ölkədə arıçılığın inkişafına göstərilən diqqət təmiz bal çəkənlərə əlavə stimul verir. Üstəlik, bu il arıçılar bol məhsul gözləyirlər.  Xəyal Qarayev - Arıçı: "Ən məhsuldar illərdəndir. Belə davam etsə bu il balın rekord həddi olacaq. Həmişə 1 ton 200 kiloqram ətrafında götürürdüksə, məncə bu il 1,5 tonu keçə biləcəyik". Peşəkar arıçılar deyirlər ki, təmiz balın müyyənləşdirilməsi ilə bağlı səsləndirilən müxtəlif metodlar heç də reallığı tam əks etdirmir. Məhsulun rənginə görə onun keyfiyyəti barədə fikir söyləmək doğru deyil. Çünki balın tünd və ya açıq rəngdə olması çiçək və otlardan asılı olaraq dəyişir. Keyfiyyətli balı yalnız laboratoriya şəraitində müəyyənləşdirmək mümkündür. Balın təmiz olması, arı ailələrinə şəkər tozu verilib-verilməməsi qalır arıçıların insafına. Buna görə də, şübhəsi olan istehlakçıların etibar etdikləri arıçılardan bal almaları tövsiyə olunur. İstehsal etdiyi balın keyfiyyətinə zəmanət verən Azərbaycan arıçılarının hədəfi isə bu dəfə sərhədləri aşaraq məhsullarını Avropa ölkələrinə çıxarmaqdır.


Xəbərə aid fotolar