Azərbaycanda gənc sahibkarların layihələri hansı formada maliyyələşdiriləcək?


Digərləri 25 May 2018 07:52:00 302 0

Azərbaycanda gənc sahibkarların layihələri hansı formada maliyyələşdiriləcək?

Azərbaycanda gənc sahibkarların layihələrinin bir neçə formada maliyyələşdirilməsi nəzərdə tutulur.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Trend-ə müsahibəsində deyib ki, "Qrantlar haqqında" qanunla qrantların hər hansı bir mənfəət gətirən sahəyə yönəldilməsi məhdudlaşdırılır. Bu baxımdan həmin qrantlardan istifadə edərək hər hansı sahibkarlıq fəaliyyətinin qurulması kimi praktika müşahidə olunmayıb: "Lakin Gənclər Fondu olaraq, biz gənclərin bütün sahələrdəki inkişafını, o cümlədən gənc sahibkarların inkişafını, onların maddi durumunun yaxşılaşdırılmasını dəstəkləməkdə məsuluq və maraqlıyıq".

O vurğulayıb ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qrant şəklində olmur: "Bunu biz innovativ layihələrin, "startap"ların güzəştli kreditlər formasında maliyyələşdirilməsi ilə həyata keçirməyi nəzərdə tuturuq. Bundan başqa, hazırda biz sosial sahibkarlıq fəaliyyətinin hansısa formada Fond tərəfindən dəstəklənə biləcəyi ilə bağlı təklifləri araşdırırıq, təhlil edirik və bu sahədə də fəaliyyət göstərməyə çalışacağıq".

Gənclərin məşğulluğuna da toxunan Fondun icraçı direktoru qeyd edib: "Gənclərin məşğulluğu ilə bağlı proqram çərçivəsində biz təcrübəsi olmayan gənclər işə götürüldüyü zaman onların bir il müddətində əməkhaqlarının 50 faizini, yaxud müəyyən bir hissəsini razılıq əsasında maliyyələşdirməyi öz üzərimizə götürürük ki, bu da işəgötürənə gəncləri işə qəbul etmək üçün bir stimul olsun".