Kartofsoğan su qiymətinə


Digərləri 25 May 2018 07:14:00 255 0

Kartofsoğan su qiymətinə

Kənd təsərrüfatı məhsullarının ucuzlaşması alıcılara sərf edir, fermerlər isə ziyana işləməmək istəyində haqlıdırlar 

Kənd təsərrüfatı məhsullarının yığım mərhələsidir. Fermerlər isə məhsullarının əllərində qalmasından, alıcı tapa bilməmələrindən gileylənirlər. Əvvəllər məhsullarını Rusiya bazarına çıxaran fermerlər indi məhsulun xaricə ixracı üçün yol tapmaqda çətinlik çəkdiklərini, daxili bazarı təmin etsələr də, nəinki mənfəət əldə edə, heç məhsulun istehsalına sərf etdikləri xərci çıxara bilmədiklərini deyirlər. 

Hazırda kənd təsərrüfatı sahələrində kartof və sarımsaq yığılır. Xüsusən Cəlilabad rayonunda əkini həyata keçirilən məhsulların yığım mərhələsi uğurla həyata keçirilsə də, fermerlər zəhmətlərinin bəhrəsini görmədiklərindən gileylənirlər. Bazarlarda və küçə ticarətində kartofun qiyməti 30-80 qəpik, sarımsağın qiyməti 1-3 manat arasındadır. İlboyu kartofu bazarlardan və marketlərdən 1 manat və ya 1 manat 20 qəpiyə, sarımsağı 7-8 manata almaqdan gileylənən alıcılar üçün bu qiymət az qala göydəndüşmə olsa da, faraş tərəvəzçiliklə məşğul olan fermerlərə sərf etmir. Onlar məhsulun bol olmasından sevinsələr də, qiymətin ucuzlaşması və mənfəət əldə edə bilməmələri, nəticədə ziyanla işləmələri fikrində israrlıdırlar.

Bazar axtarışı

Rəsmi qurumlar məhsulların ucuz satılmasını məhsuldarlığın bol olması ilə əlaqələndirir. Son.az bildirir ki, Cəlilabadlı fermer, Təzəkənd kənd sakini Taleh Sadıqov "Kaspi"yə açıqlamasında fermerlərin acınacaqlı durumundan şikayətləndi: "Məhsulların satışı ilə bağlı rayonda acınacaqlı durum yaranıb. Fermerlərin böyük əksəriyyəti kartof, sarımsaq, soğan və digər tərəvəzlər əkiblər. Hazırda kartof və sarımsağın yığım mərhələsindəyik. Məhsuldarlıq çox yaxşıdır. Təəssüf ki, məhsulların satışını təşkil etməkdə fermerlər böyük çətinliklərlə üzləşirlər. Faraş kartofu 19-20 qəpikdən, sarımsağı 60, soğanı 15 qəpikdən gəlib yerində alırlar. Bu da iqtisadi baxımdan fermerlərə sərf etmir. Çünki məhsulu əldə edənə qədər fermer külli miqdarda vəsait xərcləyir. Sahənin, alaqların təmizlənməsi, kultivasiya işlərinin görülməsi və s. işlər ucuz başa gəlmir. Fəhlələr sahələrdə günəmuzd 13 AZN-ə işləyirlər. Bir hektar sahəyə 25-30 fəhlə çıxır". 

Keçən il məhsulu 35-40 qəpiyə topdan "TIR"lara yükləyib yola saldıqlarını deyən fermer, indi məhsulların işbazlar tərəfindən ucuz əldə edildiyini deyir: "Kartofun ilkin çıxışı 1 manat - 1 manat 20 qəpiyə Cəlilabad rayonunda baş tutsa da, qısa müddət ərzində işbazlar ortaya düşdülər və kartofu 50-80 qəpiyə, daha sonra 20 qəpiyə almağa başladılar. Elə bir vəziyyət yaranıb ki, artıq fermer məhsulu sahədən çıxarmaq istəmir. Çünki bu işləri görmək üçün fəhləyə pul ödəmək lazımdır. Sahibkar isə həmin xərcləri ödəmək iqtidarında deyil. Eyni vəziyyət sarımsaq əkini ilə bağlı da hökm sürür. Təsəvvür edin ki, bir hektar əraziyə 800 kq - 1 ton sarımsaq əkmək lazım olur. Sarımsağın bir kiloqramını 4 manata alan sahibkar bu gün həmin sarımsağı 60 qəpiyə satır. Təbii ki, məhsuldarlıq yaxşı olanda, 10-15 ton məhsul əldə edə bilir. Amma bu məhsul il boyu baxım tələb edir. Çünki sarımsağı da kartof kimi çox saxlamaq mümkünsüzdür. Yarpağı quruyandan sonra onu əkin sahəsindən çıxarmaq çətin olur. İndiki vəziyyətdə sarımsağı əllə çıxarmaq mümkündürsə, bir həftədən sonra onu bel və ya digər alətlərlə çıxarmalı oluruq. Bu baxımdan, bu məhsulla da bağlı vəziyyət ürəkaçan deyil. Ona görə fermerlər çaş-baş qalıb nə edəcəklərini bilmirlər. Əziyyətlə əkib-becərdiyimiz məhsulun normal satışının olmaması bizi ziyana salır". 

T.Sadıqovun sözlərinə görə, onlar çıxış yolunu satış üçün bazarların müəyyən olunmasında görürlər. Belə ki, əvvəllər məhsullarının Rusiya bazarlarına aparıb satıldığını deyən fermer bildirir ki, bu il istehsal etdikləri məhsulları həmin bazara çıxara bilmirlər: "Necə ki biz kartofu və digər kənd təsərrüfatı məhsullarını İrandan gətiririk və Azərbaycan onlar üçün münbit bazardır, öz ölkəmizin Kənd Təsərrüfatı Nazirliyi də yerli fermerlər üçün xaricdə bazarlar tapmağa çalışmalıdır. Bizim fermerlər üçün ən münasib və yaxın bazar Rusiya və Gürcüstan bazarlarıdır. Biz qismən də olsa soğan məhsulunu Gürcüstan bazarına daşıyırıq. Bu məhsul təxminən 20-30 qəpik Gürcüstanda bahadır. Bütün hallarda keçmiş MDB coğrafiyası Azərbaycanın kənd təsərrüfatı məhsullarının satılması üçün unikal bazar ola bilər". T.Sadıqov fermerlərin əkib-biçdikləri məhsulla maraqlanan olmadığını deyir: "Sadəcə, əkilən yerlərin sahəsi ilə bağlı statistika aparılır. Ancaq bir məhsulu əkəndən biçənədək təkbaşına öz vəsaitimiz hesabına qalırıq. Buna görə də sahibkar özünü bir növ sahibsiz hiss edir. Düzdür, arpa, buğda, çuğundur kimi subsidiya alan məhsullar var. Ancaq fermerlər kartof, soğan, sarımsaq, noxud və digər dənli bitkilər daha qazanclı olduğu üçün onları əkməyə üstünlük verirlər".