Arıqlama heç də həmişə sevinc gətirmir


Digərləri 23 May 2018 23:57:00 291 0

Arıqlama heç də həmişə sevinc gətirmir

Heç bir əziyyət çəkmədən onlarla kiloqram arıqlamaq bir çox insanın arzusudur. Amma orqanizm hər zaman sabitliyə can atır. Əgər həyat tərzi, qidalanma rejimi, fiziki aktivlik dəyişilməyibsə, o zaman çəki də buna uyğun qalmalıdır. Deməli, kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.

Çəkinizi itirmənin sevinc deyil, həyəcan gətirən ən geniş yayılmış səbəbləri hansılardır?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bədən çəkisinin sürətlə itirilməsi psixikanın müxtəlif pozuntuları ilə nəticələnə bilər. Bu, ilk növbədə, özünü qida qəbulunun - əsəb anoreksiyasının pozulmasında göstərir. Bədən görkəmi dəyişilən insan kökəlmək qorxusu ilə qidadan imtina edir. Depressiya yeməyə həvəsin tamamilə yox olmasına səbəb ola bilər ki, bu da güclü arıqlamağa gətirib çıxarır.

Bədən çəkisinin sürətlə və nəzərəçarpacaq dərəcədə itirilməsi şizofreniyanın ilkin əlamətlərindən biri də ola bilər. Bu zaman pasiyentin dad və qoxubilmə qabiliyyəti dəyişir, həmçinin onun üçün mağazaya getmək, yemək hazırlamaq kimi gündəlik qayğılar mənasını itirir. Psixi pozuntular zəminində inkişaf edən ekstremal arıqlamanın müalicəsini həkim-psixiatr, dərmanlar və psixoterapiya vasitəsilə aparmaq lazımdır.

Qalxanabənzər vəzinin normal fəaliyyəti maddələr mübadiləsi və çəki ilə birbaşa əlaqəlidir. Onun ifraz etdiyi hormonlar mübadilənin sürətini tənzimləyir. Tədqiqatlar göstərib ki, hipertireoz zamanı özünü göstərən qalxanabənzər vəzinin həddindən artıq fəallığı əsas maddələr mübadiləsinin sürətini artırır. Belə olduqda, insan orqanizmi adi funksiyalarını təmin etmək üçün lazım olandan daha çox enerji sərf edir. Doğrudur, qalxanabənzər vəzinin funksiyalarının güclənməsi iştahanı da artıra bilər, amma hipertireozlu bir sıra xəstələr arıqlamır, əksinə kökəlir.

Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur. Bütün bunlar isə arıqlamağa gətirib çıxarır.