Bakıdakı yeni ümumşəhər əhəmiyyətli yol necə olacaq? FOTO


Digərləri 23 May 2018 16:39:00 320 0

Bakıdakı yeni ümumşəhər əhəmiyyətli yol necə olacaq?  FOTO

Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri davam etdirilir.

Agentlikdən Son.az-a verilən məlumata görə, sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir. Belə ki, 2,7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 m uzunluğundakı bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol  4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hər zolağının eni 3,75 m, hərəkət hissəsinin eni isə 15 m təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub.

İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri aparılır, yararsız qrunt təqribən 160 min kub.m həcmdə qazılaraq çıxarılır. Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılır, hündür hissələr isə qazılaraq aşağı salınır, tökülmüş torpaq lay-lay kipləşdirilir və 23,5 m enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılır.

Yol boyu istiqamətləri ayırmaq məqsədi ilə 1 m enində və 2727 m uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 m olacaq. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kv.m sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kv.m sahədə isə çiyinlərin tikintisi aparılacaq. Layihə çərçivəsində əsas yol boyu ayrıcı zolaq və səkilərin kənarlarına 8200 p/m səki daşı düzüləcək, 16 ədəd yol nişanı və 3400 p/m metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularını axıdılması üçün isə 1372 m uzunluğunda, 300 mm diametrində drenaj borular çəkiləcək.

Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluqları müvafiq olaraq 417,5 m (qapalı hissə 67,5 m) və 294,5 m (qapalı hissə 22,5 m) təşkil edəcək. Tinellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyü konstruksiyası daxildir.

Hazırda tunellərin inşası məqsədi ilə monnolit dəmir-beton svayların vurulması işləri görülür. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22 800 m olan 1000 mm diametrli svaylar vurulacaq. Bundan başqa, tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılacaq, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunacaq.