İşçiləri müqaviləsiz işlədən 24 şəxsə aid məlumatlar Baş Prokurorluğa göndərilib


Digərləri 23 May 2018 12:32:00 281 0

İşçiləri müqaviləsiz işlədən 24 şəxsə aid məlumatlar Baş Prokurorluğa göndərilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Son.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən keçirilmiş 58 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 105 hüquqi və fiziki şəxsi əhatə edib.

Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 723 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.

Monitorinqlər nəticəsində aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 27 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 24 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Baş Prokurorluğa yönləndirilib.