ADR–100: Kommunist Partiyasının yaradılması və hökumət böhranının başlanması


Digərləri 22 May 2018 22:11:00 300 0

ADR–100: Kommunist Partiyasının yaradılması və hökumət böhranının başlanması

İkinci notadan sonra Sovet Rusiyası ilə münasibətlər pisləşdi. Hələ yanvarın sonlarında Rusiya Kommunist Partiyasının (RKP) Mərkəzi Komitəsinin siyasi bürosu Leninin təklif etdiyi qətnaməni qəbul etdi:

"Xarici işlər üzrə komissarlığa Denikinlə mübarizədə biz yardım etməyən və Xəzər dənizində bizə qarşı fəaliyyət göstərən İngiltərə hərbi qüvvələrinə xidmət edən Azərbaycan hökumətinə qarşı siyasət aparmaqla bağlı tapşırıq verilsin".

Son.az oxu.az-a istinadən bildirir ki, fevralın 5-də Xoyski Çiçerinin teleqramına cavabında deyirdi:

"Sovet hökumətinin xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınması ilə bağlı qəti qərarını dəstəkləyirik. Azərbaycan hökuməti çox böyük təəssüflə bildirməlidir ki, Çiçerinin heç bir teleqramında Azərbaycan Respublikasının müstəqilliyinin sovet hökuməti tərəfindən tanınması ilə bağlı hər hansı aydın fikir əks olunmamışdı.

Sovet hökuməti Polşa, Finlandiya və Estoniyanın silahlı mübarizə şəraitində olmasına baxmayaraq, bu ölkələrin müstəqilliyini tanıyıb".

Bakı Fəhlə Konfransını praktiki olaraq tam nəzarətdə saxlayan, kəndli və fəhlələr arasında fəal təşviq kampaniyası aparan bolşeviklərin təsiri güclənirdi. Balaxanı-Sabunçu polis rəisi öz hesabatında yazırdı:

"Mövcud fəhlə klubları hökumət əleyhinə təbliğatların ocağına çevrilib. Bu klublarda tez-tez mitinqlər baş verir, respublika qanunlarına və sabitliyə qarşı yönələn mühazirələr oxunur".

Bunlar 1920-ci il fevralın 11-də "Kaspi" qəzetinin redaksiyasının yaxınlığında  Azərbaycan kommunist təşkilatları olan "Ədalət", "Hümmət" və RKP-nın Bakı bürosunun qeyri-leqal birinci qurultayının keçirilməsi ilə nəticələndi.

Qurultayda 120 nümayəndə iştirak etdi. İclasda Azərbaycan Kommunist Partiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Təşkilatın mərkəzi komitəsinin üzvləri seçildi. Bunlar K.D.Ağazadə, A.Bayramov, D.Bünyadzadə, M.D.Hüseynov, İ.İ.Dövlətov, V.Q.Yeqorov, Ə.H.Qarayev, M.B.Qasımov, V.İ.Naneyşvili, M.Q.Pleşakov, Q.Sultanov, N.İ.Tyuxtenev, A.B.Yusifzadə, S.Yakubov idi.

Təşkilatın sədri M.D.Hüseynov seçildi. Belə iclaslar fevral ayında Şamaxı qəzasında, Zaqatala dairəsində və digər regionlarda da baş tutdu. Həmin vaxt təşkilatın mərkəzi komitəsi silahlı üsyan kursu ilə bağlı qərar qəbul etdi.

Fevralın 27-də Azərbaycanda sovet hakimiyyətinin qəbulu ilə bağlı vərəqələr paylandı. Döyüş təşkilatları formalaşmağa başladı. Eyni zamanda, İngiltərə ordusunun regiondakı ali komissarı M.Uordon bura səfər etdi.

Bəyanatlarından birində o bildirdi ki, onun kimi, ingilis hökuməti də rusofobiyalıdır:

"Bizim Şərqdəki maraqlarımız Rusiyanın maraqlarına ziddir. Rusiya tərəfdarı olanlar, çətin ki, bizim dostumuz ola bilərlər. Rusiyanın maraqlarına zidd addımlar atanlar bizim əsl dostlarımızdır və biz onları dəstəkləyirik.

Bu gün bütün Zaqafqaziya respublikalarının bir düşməni var. Bu da Rusiyadır. Siz məhz bu düşmənə qarşı bütün gücünüzü birləşdirməlisiniz".

Yeri gəlmişkən, o, səfəri zamanı bəyan etdi ki, Böyük Britaniya Azərbaycan hökumətinə olan borcunu ödəmək niyyətində deyil.

Xarici işlər naziri Xoyski Zəngəzur qəzasındakı sərhəd münaqişəsi ilə bağlı Ermənistan XİN və Rusiyaya nota göndərdi. Həmin əraziyə kiçik qoşun göndərilmişdi. Hərb Nazirliyi və Daxili İşlər Nazirliyi həmin ərazinin ordu ilə təmin edilməsi məsələsini müzakirə edirdi.

Diqqətəlayiq hadisələrdən biri də məzuniyyətə çıxmış və xəstəlikdən öz evində ölmüş əsgərin valideynlərindən onun əsgəri təchizatının orduya qaytarılmasını istənməsi olmuşdu. Çünki orduda əsgəri təchizat çatışmırdı.

Əhali ordunu dəstəkləməyə çalışırdı. Misal üçün, general Şıxlinski öz teleqramında bildirirdi ki, Quba qəzasının sakinləri ordu üçün dörd min cüt corab göndərib. Ancaq bir neçə regionda vəziyyət fərqli idi.

Hərb naziri X.Sultanov öz məktubunda məlumat verirdi ki, Yüzbaşov adına Şəki alayının Tərtərin erməni kəndinə yerləşdirilməsi zamanı ermənilər buna qarşı çıxdılar.

Fevralın 22-də senator Kontinin rəhbərlik etdiyi İtaliya vətəndaş missiyası Bakıya gəldi. Onların əsas məqsədi iqtisadiyyat idi. 33 nəfərdən ibarət İtaliya vətəndaş missiyasına iqtisadçılar və sənayenin müxtəlif sahələri üzrə mütəxəssislər daxil idi.

Missiya müxtəlif bölmələrə ayrılırdı. Onlar arasında dəmiryol sahəsi də vardı. Missiyanın səfərinin əsas məqsədi Azərbaycan və Gürcüstan hökumətləri arasında iqtisadi-sənaye sahələrində, o cümlədən Zaqafqaziyada dəmir yolunun yaxşılaşdırılması məsələsində razılığa nail olmaq idi. Buna görə parlamentin yeni sədrinin seçilməsi ilə bağlı qərar qəbul edildi. H.Əliyevin yerinə M.Cəfərov seçildi.

Parlamentdə sədr müavinlərinin xəstəliyi və iclasda iştirak etməməsi ilə bağlı problemlər ortaya çıxdı. Fevral parlament üçün nəzərəçarpacaq dərəcədə məhsuldar ay oldu, onlar onlarla məsələ və qanun layihəsini müzakirə etdilər (14 qanun qəbul edildi).

Bir iclasda onlar 2-3 qanun layihəsini müzakirə edirdilər. Qəbul olunan ən vacib qərarlardan biri 1920-ci il fevralın 12-də amnistiya haqqında qanun oldu. Qanunda 19 maddə vardı. Qanuna əsasən, amnistiyaya 1918-ci il mayın 28-dək cinayət törətmiş şəxslərin adları daxil edildi.

Bu kateqoriyaya 1918-ci ildə müsəlmanlara qarşı qətl törədən ermənilər də aid idi. Mənzil vergisini və bu kimi ödənişləri etməyən insanlar məsuliyyətdən azad olundular.

Parlamentin digər prioriteti Mərkəzi Seçki Komissiyasının Təsis Yığıncağına seçkilərlə bağlı fəaliyyəti idi. Seçki müddəti təxirə salınmışdı və buna görə onun maliyyələşdirilməsi tələsik formada müzakirə edilirdi.

Komissiya sədri Əfəndizadənin hesabatından məlum olurdu ki, Təsis Yığıncağına və Mərkəzi Komissiyaya keçiriləcək seçkilər üçün xərclər smetasının layihəsi hazırlanan zaman respublikanın 18 qəzaya bölünməsi, 2/3-i türk olan üç milyon əhalisi olması və sərhədləri müəyyən olunmaması məsələləri nəzərə alınırdı.