Ramazan ayı, axirəti qazanmaq üçün bir fürsətdir


Digərləri 22 May 2018 21:20:00 245 0

Ramazan ayı, axirəti qazanmaq üçün bir fürsətdir

Əziz müsəlmanlar! Bərəkət, rəhmət və bağışlanma ayı olan Ramazan ayındayıq. Hamımızın bu ayın bərəkətlərinə qovuşan, bu ayda bağışlanan bəndələrdən olmağımızı Allahdan diləyirəm. Allah din qardaşlarımıza xeyirli ömür, gözəl əxlaq, iti zehin, sağlamlıq və doğru yol qismət etsin.

Son.az islam.az-a istinadən bildirir ki, Ramazan ayı çox mübarək bir aydır. Bu ayda edilən hər bir əməl başqa aylarda edilən əməllərdən daha üstündür. Bu ayda yerinə yetirilən bir vacib əməl başqa aylarda yerinə yetirilən yetmiş vacib əməl kimidir. Bu ayda bir oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən xilas olar. Oruc tutanın savabı qədər ona da savab verilər. Bu ayda əmri altında olan işçilərin işlərini yüngülləşdirən, onların ibadət etməsinə şərait yaradan iş adamları da əfv olunar. Ramazan ayında Həzrəti Peyğəmbər əsirləri azad edər, istədikləri şeyi verərdi.

Sevimli müsəlmanlar! Unutmayaq ki, bu ayda ibadət edib xeyir əməl işləyənlərə bütün il boyu bu əməlləri işləmək nəsib olur. Bu aya hörmətsizlik edənin, bu ayda günah işləyənin isə bütün ili günah işləməklə keçər. Ona görə də bu ayı fürsət bilərək bacardığımız qədər çox ibadət etməliyik, bacardığımız qədər Allah-Təalanın bəyəndiyi işləri görməliyik. Hamımız bu ayı axirəti qazanmaq üçün fürsət bilməliyik. Bu ay müqəddəs bir aydır. Müqəddəs Qurani-Kərim Ramazanda nazil olmuşdur. Min aydan daha xeyirli olan Qədr gecəsi bu aydadır.

Əziz möminlər! Oruc tutan zaman bütün qaydalarına riayət etmək lazımdır. Oruc yalnız ac-susuz qalmaqdan ibarət deyildir. nəfsimizi təmizləməli, əxlaqımızı gözəlləşdirməli, bədənimizin bütün üzvlərini pis işlərdən uzaq tutmalıyıq. Əlimizə, dilimizə, gözümüzə, qulağımıza sahib olmalıyıq. Yoxsa bu aydan bizə sadəcə aclıq və susuzluq qalar, heç bir savab qazanmarıq.