Musiqili Teatrda “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq


Digərləri 22 May 2018 13:15:09 194 0

Musiqili Teatrda “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq

Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb

Azərbaycan Dövlət Musiqili Teatrında mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ideya müəllifi teatrın direktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Azərbaycan XalqCümhuriyyətinin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.

"Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir.

Premyerada rolları əməkdar artistlər Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edəcəklər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.