Prokurorluq orqanlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib (FOTO)


Digərləri 21 May 2018 18:10:00 248 0

Prokurorluq orqanlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bakı. “Boulevard Hotel”də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan baş prokuror Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verərək, ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyi qeyd olunmaqla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilmişdir. Baş prokuror ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun etibarlı davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Baş prokuror xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətiçilik tarixinin şanlı səhifələrindən olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarının önəmini vurğulayan akademik tariximizin, o cümlədən Cümhuriyyət dövrünün dərindən tədqiq edilməsində AMEA-nın Tarix İnstitutunun Azərbaycan Prokurorluğu orqanları ilə səmərəli əməkdaşlığını xüsusi vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Y.Mahmudov bildirib ki, 1918-1920-ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın müstəqilliyini elan etmiş və 23 aylıq qısa müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanın sonrakı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırıblar. Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət dövrünün dərindən araşdırılmasını daim diqqət mərkəzində saxladığını vurğulayan akademik diqqətə çatdırıb ki, bu istiqamətdə elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə tərcümə edilir. Tarix İnstitutunun direktoru ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən də Cümhuriyyət dövrünün tədqiqinə daim xüsusi diqqət yetirməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirib.