Azərbaycan səhiyyəsinə böyük itki


Digərləri 21 May 2018 11:42:00 202 0

Azərbaycan səhiyyəsinə böyük itki

Ömrünün 47 ildən artıq dövrünü insanlara şəfa verilməsinə həsr edən həkim-cərrah Əbülfəz Hüseynov 19 may 2018-ci ildə vəfat etdi. Xərçəng xəstəliyindən əziyyət çəkən nurlu simalı, şəfalı əlli həkim Hüseynov ömrünün son günlərinə qədər pasientlərindən ayrılmır və 3 nömrəli şəhər xəstəxanasında cərrahiyə üzrə baş həkimin müavini kimi çalışırdı.

Leksikonumuza daxil olan xəstə sözünü heç zaman qəbul etməzdi və ona müraciət edən hər bir şəxsi yalnız pasiyent kimi qəbul edərdi. Latın mənşəli olan bu söz əslində İslam dininin ən vacib dəyərlərindən bir olan səbir mənasını daşıyır. Doktor Hüseynov da məhz o səbir fəlsəfəsi ilə həkim kimi ona müraciət edənləri dinləyir, ilk növbədə səbirlə onların xəstəlik tarixçəsinə və ya dərdinə şərik olmağa çalışırdı. Bu yalnız Hippokrat andına sadiqlikdənmi, yoxsa yüksək mənəvi-əxlaqi və insani dəyərlərdən irəli gəlirdi? Hamısının birlikdə məcmusu desək yanılmarıq.  

1948-ci ildə Salyan rayonunda həkim ailəsində dünyaya gələn həkim Hüseynovun təbabəti özünə peşə seçəcəyi bəlkə də Uca tanrının bəxş etdiyi dəyişilməz bir missiya idi. Atası həkim Hüseynov Məmmədhüseyn 1973-cü ildə təqribən 50 yaşlarında çox erkən vəfat etməsinə baxmayaraq, doğulduğu Salyanda və respublikanın digər bölgələrində, ölkəmizin səhiyyə sistemində böyük hörmətlə anılır. Anası Vəsilə Rəhimova da həkim olaraq ismətlə, vicdanla insanlara şəfa verib. Böyük qardaşı Hüseynağa Məmmədhüseyn oğlu Cəlilabad və Salyan rayonlarında baş həkim kimi çalışıb, hələ də insanların yaddaşında xeyirxahlığı və səxavətliliyi ilə yaşayır. O da hələ də bəşəriyyətin aciz qaldığı xərçəng xəstəliyinin qurbanı olaraq həyatının ən parlaq vaxtında dünyasını dəyişmişdi.

Salyanda orta məktəbi qızıl medalla bitirən Hüseynov Əbülfəzin də təbabəti özünə ömürlük peşə və ya həyat fəlsəfəsi seçməsi üzərinə qoyulan və daşımalı olduğu bir missiya idi. Azərbaycan Tibb İnstitutunda müvəffəqiyyətlə təhsil aldıqdan sonra Əbülfəz Hüseynov Moskvada Həkimlərin Təkmilləşdirmə İnstitutunun I Cərrahiyə Kafedrasını bitirib aspiranturaya qəbul olub. O zaman artıq Azərbaycanın rəhbərliyində olan Heydər Əliyev gənc azərbaycanlıların bütün sahələrdə, o cümlədən tibb sahəsində keçmiş SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrində təhsilinə, elmi fəaliyyətinə xüsusi diqqət yetirirdi. Gənc Hüseynov 1976-cı ildə vaxtından qabaq "Mədənin xora xəstəlikləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və SSRİ miqyasında gənc alimlərin fərqlənmə diplomuna layiq görülüb.

1971-ci ildən 1990-cı ilin yanvarına qədər Moskvada Botkin adına 52 və 8 nömrəli şəhər xəstəxanalarında cərrah, şöbə müdiri, baş həkimin müavini çalışıb və gənc yaşlarından Ali dərəcəli cərrah adını alıb. Həkim kimi fəaliyyət göstərdiyi dövrdə SSRİ-nin tibb üzrə ali təhsil ocaqlarında davamlı olaraq mühazirəçi kimi çıxış edib, praktiki və nəzəri biliklərini tibb sahəsinə gələn gənclərlə bölüşüb. O zamanlar tanınmış cərrahlar Roznevlərin tələbəsi olub, Şumakovun klinikasında çalışıb.

Həmyaşıdlarından birinin söylədiyi kimi gənc Azərbaycan övladının keçmiş SSRİ-nin bu kimi ali və mərkəzi tibb ocaqlarında çalışması o zaman müalicə üçün Moskvaya üz tutan azərbaycanlılar üçün də fəxr idi. Etiraf edək ki, SSRİ-nin ali tibb müəssisələrində çalışan ermənilərin, gürcülərin sayı azərbaycanlılardan çox idi. Öz biliyi, bacarığı və zəhmətkeşliyi ilə Əbülfəz Hüseynov da bu sırada özünə yer tutmuşdu.

Ali təhsil, elmi və peşəkar fəaliyyət daxil olmaqla ömrünün 20 ilini böyük imperiyanın paytaxtı və ən aparıcı tibb müəssisələrində həkim kimi həsr edən Hüseynov vətənindən, dinindən və dilindən heç zaman ayrı düşməmiş və zərrə qədər yadlaşmamışdı. SSRİ-nin hələ o zamanında Moskvada tatar məscidinə gedib ziyarət edərdi.


Xəbərə aid fotolar