ABŞ Konqresi və “Heritage” fondunda TransXəzər regionu müzakirə olunub FOTO


Digərləri 21 May 2018 08:13:00 250 0

ABŞ Konqresi və “Heritage” fondunda TransXəzər regionu müzakirə olunub   FOTO

Vaşinqtonda 3-cü Trans-Xəzər Forumu çərçivəsində ABŞ Konqresində brifinq və nüfuzlu "Heritage" fondunda analitik müzakirələr təşkil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ Konqresində "Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər" mövzusunda keçirilən panel müzakirələrin açılışında çıxış edən Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və bu region üzrə ABŞ-ın ən tanınmış ekspertlərindən biri olan professor Fred Star region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir etmiş və bu xüsusda, həmin ölkələr tərəfindən əldə edilmiş nailiyyətlərin ABŞ ictimaiyyətinə çatdırılması baxımından forum çərçivəsində növbəti dəfə Konqresdə belə bir müzakirələrin aparılmasının əlamətdar hadisə olduğunu qeyd edib. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin iqtisadi inkişafının davamlılığının təmin olunması üçün region ölkələrinin bir-biri ilə sıx işləməsinin vacibliyinə toxunmuş, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini diqqətə çatdırıb.

Daha sonra professor Starın moderatorluğu ilə kəçən panel müzakirələrində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin İqtisadiyyat nazirinin müavini Fatih Metin və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze çıxış edərək, regionun strateji əhəmiyyəti və rəqabətliliyini vurğulamış, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları, onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat veriblər. Nazir müavini E.Vəlizadə çıxışında həmçinin Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, mövcud və tikilməkdə olan nəqliyyat və neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Cənub Qaz Dəhlizi barədə danışmışdır. O, eləcə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində son dövrlər həyata keçirilən kompleks islahatlar və bu istiqamətdə ABŞ şirkətləri üçün yaranmış yeni əməkdaşlıq imkanları haqqında bəhs edib.

Trans-Xəzər Forumunun növbəti tədbiri ABŞ-ın hal-hazırda ən nüfuzlu analitik mərkəzlərindən sayılan "Heritage" fondunda baş tutmuşdur. Adıçəkilən fondun xarici siyasət üzrə direktoru Lük Kofinin aparıcılığı ilə "ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığında yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən dəyirmi masa müzakirəsində tanınmış amerikan diplomatı, Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü səfir Riçard Hoqland çıxış edərək, Birləşmiş Ştatların bölgədə əməkdaşlığı inkişaf etdirməkdə daha güclü rol oynaması üçün vaxt yetişdiyini və bu xüsusda, ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığının gücləndirilməsi üçün növbəti addımları barədə tövsiyələrini bölüşüb. O, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdikdən 25 il sonra öz infrastrukturlarını, iqtisadiyyatlarını və xalqlararası əlaqələrini daha da gücləndirmək üçün öz aralarındakı əməkdaşlığı inkişaf etdirməyə və bununla da müstəqilliklərini daha da gücləndirməyə çalışdıqlarını və bu kontekstdə, qlobal arenada Rusiya və Çin kimi böyük oyunçulara marağın çoxaldığı bir vaxtda ABŞ-ın regionla daha sıx əməkdaşlıq etməli olduğunun əhəmiyyətini vurğulayıb. R.Hoqland ABŞ-ın region ölkələri ilə əməkdaşlığının və ticarətin gücləndirilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Lapis-Lazuli nəqliyyat marşrutu və "C5 + 1" kimi mühüm birgə layihələrin həyata keçirildiyini və onların Trans-Xəzər dəhlizinin inkişafında önəmli rol oynadıqlarını diqqətə çatdırıb.

Öz növbəsində səfir Elin Süleymanov Azərbaycan tərəfinin təşəbbüsü və aparıcı rolu ilə 2016-cı ildən bəri Vaşiqntonda keçirilən Trans-Xəzər Forumunun ABŞ və region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platformaya çevrildiyini qeyd edib. O, əlavə olaraq Çindən Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat vermiş və bu xüsusda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığı vurğulayıb. Regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini bildirib.

 

Xəbərə aid fotolar