Stefan Sveyq Balzak haqqında nə düşünürdü?


Digərləri 20 May 2018 09:50:00 269 0

Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Son.az Kulis.az-a istinadla Stefan Sveyqin məşhur "Üç Böyük Usta: Balzak, Dikkens, Dostoyevski" kitabından bir hissəni təqdim edir.

Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon - əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı - həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi.

Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında "le petit général"ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində - Balzakın ilk gənclik illəri - çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin - ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu - tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi? Bir şəxs, hər hansı bir şəxs, mavi Aralıq dənizinin adalarının birindən durub Parisə gəlir, - nə dostları və işi, nə də şan-şöhrəti var - gedib cilovsuz iqtidarı tamamilə ələ keçirir, sərt şəkildə sağa-sola sovurur və cilovlayır; bir nəfər, bir əcnəbi, bir cüt yalın əllə Parisi tutur, ardınca isə Fransanı və sonra da bütün dünyanı. Dünya tarixinin bu macərapərəst dövrü Balzakın yaddaşına inanılması çətin əfsanələr və ya tarixi hekayətlər şəklində köçürülmür, əksinə, bütün rəngləri ilə, susamışcasına klapanları açılan duyğu orqanlarından keçərək fərdi həyatına daxil olur; hələ əl dəyməmiş daxili dünyasını örtən minlərlə rəngli real xatirəylə birlikdə.

Belə bir təcrübənin nümunəyə çevrilməsi qaçınılmaz idi. Balzak oxumağı, bəlkə də, uzaq zəfərlərdən qürurla və sərt bir tərzdə, az qala, romalı bir ehtiraslı bəhs edən yazılardan öyrənmişdi; uşaq barmaqları hər halda bacarıqsızcasına xəritənin üzərində irəliləmiş, Fransadan başlayaraq daşan bir çay kimi yavaş-yavaş Avropanın üzərində, Napoleon əsgərlərinin yürüşlərinin izinə düşərək hərəkət etmiş, bu gün Sen Dağını aşmış, sabah Siyerra Nevadanın bir tərəfindən o biri tərəfinə keçmiş, çayları ötərək Almaniyaya, qarları aşaraq Rusiyaya və oradan da ingilislərin köz kimi qızarmış top mərmiləri ilə düşmən donanmalarına atəşə açdığı Cəbəllütariq Boğazına qədər çatmışdı. Bəlkə də gündüzlər küçədə əsgərlərlə oynamışdı; üzündə kazakların qılınc izlərini gəzdirən əsgərlərlə. Gecələr də, çox güman ki, Austerlitsdəki rus süvarilərinin ayağı altındakı buz təbəqəsini yarmaq üçün Avstriyaya gedən top arabalarının sürətlə keçərkən çıxardıqları hirsli səs-küyə oyanmışdı. Onun bütün gənclik arzuları alovlu bir adda, tək bir düşüncədə, tək bir xəyalda əriyəcəkdi: Napoleonda. Parisdən dünyaya açılan böyük bağçada, az qala, dünyanın yarısını əhatə edən, ələ keçirilmiş şəhər adlarının yazıldığı bir zəfər tağı yüksəlirdi. Günlərin bir günü yad ordular marşlarla, əllərindəki bayraqlarla bu məğrur qübbənin altından keçərkən, Balzakın bu hakimiyyət duyğusu, kim bilir, necə böyük bir xəyal qırıqlığına uğramışdır! Çöldə, qaynamaqda olan dünyada baş verənlər daxilə təcrübələr şəklində girirdi. Dəyərlərin darmadağın olmasını həyatının çox erkən dövrlərində, uşaqlığında yaşadı; həm maddi, həm də mənəvi dəyərlər alt-üst olmuşdu. Balzak Respublikanın möhürünü daşıyan 100, yaxud 1000 franklık əskinasların dəyərsiz kağızlar kimi küləkdə uçuşduqlarına şahidlik etdi. Əlindən sürüşüb düşən qızılın üstündə bir an irəlidə boynu vurulacaq kralın kök profilini, bir an Yakobinlərin azadlıq beretini, bir an konsulun romalı simasını, bir an da imperator cübbəsi geymiş Napoleonu görürdü. Balzak əxlaqın, pulun, ölkənin, qanunların, iyerarxiyanın, yəni əsrlərlə pozulmaz sərhədlər daxilində buxovlanmış olan hər şeyin yavaş-yavaş çölə sızdığı, yaxud daşdığı üçün bu cür böyük dəyişikliklərin baş verdiyi zamanda, əvvəllər heç vaxt bu cür dəyişikliklərin baş vermədiyi bir əsrdə dəyərlərin nisbiliyini çox erkən yaşda dərk etmiş olmalı idi.

...Üstəlik Napoleonu öz gözləri ilə də görmüşdü, həyata vəsiqə verdiyi şəxslərlə bir yerdə: Məmlük Rustanla, İspaniyanı hədiyyə etdiyi Jozeflə, Siciliyanı verdiyi Muradla, xain Bernadotla, krallıqlar fəth edib başlarına tac qoyduğu və keçmişlərinin heçliyindən çıxarıb öz mövcudiyyətinin ziyasına yüksəltdiyi hər kəslə birlikdə bir rəsmi keçid əsnasında atla keçərkən görmüşdü Napoleonu. Bir saniyə ərzində gözlərində cap-canlı bir görüntü aydınlanmışdı, tarixdəki bütün nümunələrdən daha böyük bir görüntü. O, böyük dünya fatehini görmüşdü və bir dünya fatehini görmək hər bir yeniyetmə üçün elə onun kimi olmaq arzusu ilə eyni deyilmi? Bu ərəfədə iki fərqli yerdə, iki səssiz dünya fatehi də vardı: Keniqsberqdə yaşayan, dünyanın qarmaqarışıqlığına müəyyən tərtib və nizam gətirməyə çalışan bir filosof (Kant) və Veymarda külliyyatı ilə Napoleonun ordularıyla əldə etdiklərindən daha azına malik olmayan bir şair (Höte.) Amma onlar Balzak üçün lap uzun müddət əlçatmaz ənginliklər olaraq qalacaqdı. Hər zaman yalnız bütövə sahib olmaq, əsla hissələri deyil, dünyanın hamısını ələ keçirmək impulsunu, bu alovlu ehtirası ilk növbədə Napoleon nümunəsinə borclu idi.

Dünyanı ələ keçirmək məsələsində bu möhtəşəm iradə dərhal yolunu tapa bilmir. Balzak hələlik hansısa peşədə qərar tutmayıb. İki il əvvəl doğulmuş olsaydı, indi on səkkiz yaşında Napoleonun əsgərlərinə qoşulmuş, bəlkə də ingilis mitralezlərinin önünə çıxan hər şeyi yerlə-yeksan etdiyi Bel-Alyansda təpələrə hücum edirdi; amma dünya tarixi təkrarları sevmir. Napoleon çağının fırtınalı havasını ilıq, mülayim yaz günləri izlədi. XVIII Lüdoviqin (Lui) rəhbərliyi altında qılınc bəzək əşyasına, əsgər saray gözətçisinə, siyasətçi xətibə çevrildi; dövlətin yüksək mövqelərini artıq fəaliyyət yumruğu, təsadüfün həmin əsrarəngiz və bərəkətli buynuzu paylamırdı, əksinə, yumşaq qadın əlləri idi lütf və inayətləri bəxş edən. İctimai həyat durğunlaşmış, bayağılaşmış, hadisələrin qaynayan suları durularaq sakit bir gölə çevrilmişdi. Dünyanın silahlarla fəth edilməsi artıq mümkün deyildi. Bəziləri üçün nümunə olan Napoleon çoxları üçün artıq bir müqəvva idi. Beləliklə, geriyə yalnız bir sənət qalırdı. Balzak yazmağa başladı. Amma digərləri kimi pul qazanmaq, əylənmək, kitabxana rəflərini doldurmaq, bulvarlarda danışılmaq üçün deyil: onun ədəbiyyatda gözünü dikdiyi şey marşallıqdan çox imperatorluq tacı idi. Bir binanın ən üst mərtəbəsində işə başladı. Gücünü sınamaq istəyərmişcəsinə müxtəlif adlar altında ilk romanlarını yazdı. Bu, hələ döyüş deyil, yalnız döyüşün məşqi, manevr idi və müharibə hələ başlamamışdı. Müvəffəqiyyətindən məmnun olmadıqda, fəaliyyəti onu təmin etməyində, sənəti bir kənara atdı, üç-dörd il başqa peşələrlə məşğul oldu; bir notariusun dəftərxanasında katib işlədi, müşahidə etdi, baxdı, faydalandı, baxışı ilə dünyanın içinə sızdı və yenidən yazmağa başladı. Lakin bu səfər bütövü hədəf götürən həmin böyük itələyici güclə, təkcə böyük həlqələr şəklində fırlananı qavramaq, ilkin impulsun əsrarəngiz çarxına qulaq şəkləmək üçün, hissəni, görüntünü, fenomeni, dağınıq olana barmaqarası baxan nəhəng, fanatik ehtirasla başladı yazmağa. Hadisələrin şər qarışığından saf elementi, ədədlərin xaosundan cəmi, səs-küydən harmoniyanı, həyatın müxtəlifliyindən xüsusi olanı əldə etmək, bütün dünyanı öz süzgəcindən keçirmək, onu yenidən yaratmaq, "en raccourci" (bütöv xülasə) halında təqdim etmək və boyunduruq altına saldığı şeyə öz nəfəsi ilə ruh üfləmək, öz əlləri ilə istiqamətləndirmək: bax, onun hədəfi bu idi. Çeşidlilikdən heç bir şey itməməli idi; sonsuzluğu bir sonluluğa, əlçatmazı insan üçün mümkün olanın daxilinə yerləşdirmək üçün sadəcə bir proses var: sıxışdırmaq. Bütün gücü ilə fenomenləri bir araya sıxışdırmaq, onları süzgəcdən keçirmək və beləliklə, əhəmiyyətsiz olanları atıb yalnız saf, dəyərli formaları əldə etmək və sonra bu tək-tək dağınıq formaları əllərinin közündə sıxışdırmaq; onların həmin möhtəşəm çeşidliliyini açıq, dərk olunan sistem halına salmaq üçün çalışırdı; eynilə milyardlarla bitkini məhdud kateqoriyalara yerləşdirən Linney, saysız-hesabsız qarışıqları bir ovuc elementə çevirən kimyagər kimi - bax, onun ehtirası bu idi.

...Napoleon kimi o da Fransanı dünyanın özü, Parisi də həmin dünyanın mərkəzi halına gətirir. Bu sahə daxilində, hətta Parisdə, çoxlu sayda çevrə cızır: nəcabətlilər, rahiblər, fəhlələr, şairlər, sənətçilər, alimlər. 50 aristokrat salonunu Kadiqnan Hersoqluğunun salonuna çevirir. Yüz nəfər bankiri Baron Nusinqenə, bütün sələmçiləri Qobsekə, bütün həkimləri Qorasi Byanşona. Bu insanları bir-birlərinə reallıqdakından daha yaxın məsafələrdə yerləşdirir, onları daha intensiv şəkildə bir-birləri ilə təmasa keçirir, daha şiddətli qarşıdurmalara daxil edir. Həyat yüzlərlə oyun forması ortaya qoysa da, onunki yalnız bir dənədir. Hibrid tipləri qəbul etmir. Onun dünyası reallıqdakından daha yoxsul, amma daha intensivdir. Çünki onun insanları özləri kimidir; ehtirasları saf elementlər halında, faciələri intensivləşdirilmiş formadadır.