Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib


Digərləri 20 May 2018 08:38:00 282 0

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 460 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 600 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 249 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 218 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.