Protezlərin hazırlanma sexinin yaradılması üzrə işlər tamamlanır (FOTO)


Digərləri 19 May 2018 14:44:00 263 0

Protezlərin hazırlanma sexinin yaradılması üzrə işlər tamamlanır (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin bir sıra reabilitasiya müəssisələrində olub

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa müalicə infrastrukturunun təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun əsas istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərdən biri kimi, ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub. Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib. S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.