Virtual kosmos turizmi layihələri həyata keçiriləcək


Digərləri 18 May 2018 23:43:00 334 0

Virtual kosmos turizmi layihələri həyata keçiriləcək

İnsanların kosmosa turist səyahətinə göndərilməsi ilə bağlı aparılan işlər zaman-zaman dünya mətbuatında geniş yer alır. Lakin yüz minlərlə dollara başa gələn bu səyahətlərin məhdud potensialı var. Son.az AZƏRTAC-a istinadən bildirir ki, R (virtual reallıq) şirkətləri yaxın bir neçə ildə insanlara virtual kosmos turizmi vasitəsilə kosmosdan Yerin rəsmini canlı seyr etmək imkanı verəcək.

Britaniyanın "In-Space-Mission" şirkətinin kosmos texnologiyası üzrə ekspertləri bu məqsədlə "Rewind" kommersiya studiyasında "Space Time Enterprises" layihəsini hazırlayacaq. Onlar fəzaya bir neçə çoxfunksiyalı peyklər göndərməyi və onların vasitəsilə Yer kürəsinin bütün nöqtələrində kosmosdan canlı yayım təşkil etməyi planlaşdırırlar. Şirkətin icraçı direktoru Daq Liddl bildirib ki, əsas məqsəd insanların virtual reallıqda özlərini kosmosda hiss etməsi və oradan Yer planetini canlı seyr etməsidir. Onun sözlərinə görə, layihə çərçivəsində videokameraları kosmosa çatdıracaq və yerlə yüksək keyfiyyətli canlı əlaqəni təmin edəcək ilk peyk 2019-cu ilin sentyabrında fəzaya göndəriləcək.

"Rewind" studiyasının təcrübəli eksperti Matt-Vernon Klinç qeyd edib ki, virtual kosmos turizminin əsas mərhələsi fəzaya bir neçə peykin göndərilməsindən sonra başlayacaq. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə yerləşən bu peyklər sayəsində səyahətçilər kompüterin arxasında özlərini kosmosda hiss edəcəklər. Bundan başqa, şirkətin məlumat bazasından biznes və elmi məqsədlər üçün də istifadə etmək mümkün olacaq. Virtual səyahətçi peykə bağlanıb qalmayacaq, həm də Yerin ətrafında "uçacaq", istədiyi məkanı böyüdərək ona tamaşa edəcək.

Ekspert bildirib ki, layihənin ekoloji cəhətdən də böyük əhəmiyyəti var. Müxtəlif ölkələrin, şəhərlərin ekoloji vəziyyəti, iqlim dəyişiklikləri haqqında informasiya alan hökumətlər müfafiq tədbirlər görmək imkanı əldə edəcəklər.