Ermənistan rəhbərliyi nə etmək istədiyini heç özü də bilmir


Dünya 18 May 2018 22:53:00 256 0

Ermənistan rəhbərliyi nə etmək istədiyini heç özü də bilmir

Politoloqların fikrincə, Paşinyan reallıqlarla üzləşəndə ağıllanacaq 

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycanın hərbi qüdrətinin durmadan artdığını və Silahlı Qüvvələrin torpaqların işğaldan azad olunmasına hər an hazır olduğunu bir daha vurğuladı. Həmçinin dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, Azərbaycanın uzaq mənzilli raketlərə sahib olmasını da qeyd etdi. 

Ermənistanın yeni iqtidarı isə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni baxışının olmadığını ortaya qoymaqdadır. Onlar davamlı olaraq münaqişə ilə bağlı təxribatçı fikirlər səsləndirilir. Ermənistan XİN mətbuat katibinin Qarabağ məsələsi ilə bağlı son açıqlamaları da birmənalı qarşılanmadı. Bununla bağlı Azərbaycan XİN-i öz mövqeyini açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,  

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır: "Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sarkisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir".

Mətbuat xidmətinin rəhbəri həmçinin qeyd edib ki, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər: "Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır".