"Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər"


Digərləri 18 May 2018 18:00:00 253 0

"Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər"

"Müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar artıq öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər və bir-birilərini ittiham etməyə başlayıblar".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, müxtəlif antiazərbaycan mərkəzlər bu və ya digər formada müxtəlif dəyərləri istismar etməklə Azərbaycana qarşı daim təxribatçı mövqe tuturlar və çox təəssüf ki, bu prosesdə ölkəmizdə qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən, siyasi baxışlarının guya fərqli olduğunu irəli sürən, ayrı-ayrı adamları şantaj edən qruplardan da istifadə edirlər:

"Ancaq əlbəttə ki, Azərbaycana qarşı bu düşünülmüş, məqsədyönlü strategiya uğurlu olmur, çünki Azərbaycan cəmiyyəti nəyin baş verdiyinin fərqindədir və ona qarşı necə mübarizə aparmağın yollarını da bilir. Artıq bu uğursuz taktika, yəni şantaj taktikası nəticə vermir və müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar özləri öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər, bir-birilərini qısqanırlar və onlara tapşırılan işi əslində yarıtmadığına görə "ağaları" tərəfindən bir növ cəzalandırılırlar, onların maliyyə mənbələri kəsilir. Son dövrlərdə sosial şəbəkələrdə bir-birilərini qarşılıqlı şəkildə ittiham etmələri, verilən qrantın mənimsənilməsi ilə bağlı iddialar irəli sürmələri bununla bağlıdır".