Əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ASANlaşdı


Digərləri 17 May 2018 10:10:00 249 0

Əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ASANlaşdı

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı. Elçin Mehdiyev – Mayın 17-də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasının “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Trend-in məlumatına görə, Memorandumu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar. Artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində də həyata keçiriləcək. Memoranduma əsasən, Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər. Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları genişlənəcək. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun aparılacaq. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.