Kürdəmirdə 3 kəndi əhatə edən avtomobil yolu yenidən qurulur


Digərləri 17 May 2018 09:05:52 273 0

Kürdəmirdə 3 kəndi əhatə edən avtomobil yolu yenidən qurulur

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda 2 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.

Bakı. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda 2 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, bu 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71.2 km uzunluğunda olan Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarıdır. Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 184-cü km-dən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən artıq əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub. 34 km uzunluğa malik avtomobil yolunun təqribən 20 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılıb, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl qarışığı ilə aparılıb. Daha sonra yol əsasının üst layının 12 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub. Yolun 14 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa ediləcək.