TehranBakı: enerji əməkdaşlığında dinamika


Digərləri 16 May 2018 15:20:00 202 0

TehranBakı: enerji əməkdaşlığında dinamika

IRNA, İran

16.05.2018 

İran prezidenti Həsən Ruhaninin Bakıya bu ilin martında etdiyi səfər zamanı Azərbaycanın Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizinin enerji ehtiyatlarının birgə işlənilməsinə dair sazişin imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığın canlanmasına səbəb olub. IRNA agentliyi xəbər verir ki, bu sazişi tarixi sənəd adlandıran Azərbaycan prezidenti İlham Əliyev deyib: "Sənədin icrası ilə iki ölkə arasında Xəzər dənizində əməkdaşlıq ən yüksək səviyyəyə çatacaq".

Bu yazıda Azərbaycanın enerji sektorunun imkanları və layihələrilə qısa tanışlıqdan sonra, bu sahədə Tehran-Bakı əlaqələrinə də nəzər yetirməyə çalışacağıq.

Azərbaycanın neft-qaz sənayesi

Regionun neftlə zəngin ölkələrindən olan Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra dünyanın transmilli neft şirkətlərinin diqqət mərkəzinə düşüb. Nəticədə ötən əsrin 90-cı illərinin əvvəlində bu ölkə ilə bir neçə xarici neft şirkəti arasında Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənilməsinə dair nəhəng müqavilə imzalanıb.

Hərçənd ABŞ-ın təzyiqləri və maneələri üzündən İran İslam Respublikası bu neft müqaviləsində paya sahib ola bilməyib. Lakin Xəzər dənizindəki "Şahdəniz" qaz yatağının işlənilməsinə dair 1996-cı ildə imzalanmış ikinci nəhəng enerji müqaviləsində İran 10%-lik pay əldə edib. Hazırda "Şahdəniz" qaz yatağının işlənilməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqli layihəsi həyata keçirilir və bununla əlaqədar iki böyük boru xətti - Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri tikilir.

Ekspertlərin fikrincə, Azərbaycanla İran arasında əməkdaşlıq sazişinin imzalanması Xəzər dənizinin digər enerji resurslarının işlənilməsi və istismarına müsbət təsir göstərəcək, bölgədə enerji sektorunda yeni əməkdaşlığın əsasını qoyacaq.

İranla Azərbaycan arasında neft-qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq

Bu gün Azərbaycanla İranın enerji sektorunda əməkdaşlığını 2 yerə ayırmaq olar: Xəzər dənizindəki neft-qaz yataqlarının kəşfiyyatı və istismarında birgə fəaliyyət və elektrik enerjisi mübadiləsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İran Milli Neft Şirkətinin ekspertləri son illərdə neft-qaz sənayesilə bağlı geoloji tədqiqatların aparılması, təcrübə mübadiləsi üzrə əməkdaşlıq perspektivlərini araşdırmaq məqsədilə müntəzəm və qarşılıqlı səfərləri həyata keçirir.

Svop əməliyyatı üzrə əməkdaşlıq

İranla Azərbaycan təbii qaz mübadiləsi (svop) sahəsində də əməkdaşlıq edir. Bu əməkdaşlıq Naxçıvan Muxtar Respublikasının qazla təchizatı baxımından Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər hissəsindən təcrid olunub və hazırda o, ölkə ilə birbaşa quru əlaqəsinə malik deyil.

Azərbaycanla İran arasında əldə olunmuş razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının ödənilməi üçün "mavi yanacaq" Azərbaycan ərazisində keçmiş Sovet dövründən qalmış boru xəttilə İrana ötürülür və eyni həcmdə qaz svop əməliyyatı ilə İran ərazisindən Naxçıvana nəql olunur.

Azərbaycan rəsmiləri İranın bu yardımını həmişə yüksək qiymətləndirib.

İran-Azərbaycan müştərək neft şirkətinin yaradılması

Artıq qeyd etdiyimiz kimi, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bundan bir müddət sonra İranın Neft Nazirliyinin beynəlxalq əməkdaşlıq və kommersiya departamentinin rəhbəri Əmir Hüseyn Zamani-Niya 2 ölkənin müştərək neft şirkəti yaradacağını bəyan edib. "Şirkət prezident Ruhaninin Bakıya martda etdiyi səfər zamanı imzalanmış memoranduma əsasən yaradılacaq", - deyə o, qeyd edib: "Memoranduma əsasən, Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi gündəmdədir və yaradılacaq müştərək şirkət bu sahədə birgə fəaliyyəti təmin edəcək".

Zamani-Niya onu da deyib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planında qalıb-qalmaması SOCAR ilə əməkdaşlığına heç bir təsir göstərməyəcək.

Azərbaycanın energetika nazirinin İrana səfəri