II Fəxri Xiyabanda və ətrafında məzarüstü abidələr oğurlandı FOTO


Digərləri 16 May 2018 14:56:00 312 0

II Fəxri Xiyabanda və ətrafında məzarüstü abidələr oğurlandı  FOTO

Bakının  II Fəxri Xiyaban və onunla  üzbəüz yerləşən Yasamal qəbiristanlığında ("Dağüstü qəbiristanlığı") qəbiristanlığında mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verib. Vandalizmə məruz qalanlar arasında bir sıra görkəmli xadimlərin də məzarları var.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, əsasən qara və qırmızı mərmər, eləcə də  tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb.

Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur, onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb.

"İsgəndər Cəfərovun oğlanları Moskvada "Lukoyl" şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına  on minlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək", -qəbirstanlıqdakı mollalardan biri məlumat verir.

Sayt dəqiqləşdirib ki, mərhum İsgəndər Sadıq oğlu Cəfərov akademikdir, Rusiyadakı azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır. O, 2013-cü ildə vəfat edib.

II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər.  Molla deyir ki, mərhum bu yeri nənəsinə görə götürüb, özünün təşəbbüsü ilə ətraf qara mərmərdən döşənib. Amma qəflətən özü dünyasını dəyişib.

"Cəfər çox hörmətli şəxs idi, Sumqayıtda zavodu vardı. Biliblər ki, abidə qiymətli mərmərdən hazırlanıb, oğurlayıb aparıblar", -adının açıqlanmasını istəməyən molla əlavə edib.  

II Fəxri Xiyabanın çölündəki məzarlıqdakı  üstü qırmızı mərmərdən olan köhnə qəbir də yararsız hala salınıb. Məzarın üstündə mərhumun ad-soyadı yazılıb-Nadir Adil oğlu Əliyev.