Mən ali məktəbdən kəsiləndə niyə özümü öldürmədim?


Digərləri 16 May 2018 15:00:00 256 0

Mən ali məktəbdən kəsiləndə niyə özümü öldürmədim?

O vaxt ən böyük arzum, məqsədim ali məktəbə qəbul olmaq idi. Hər kəs - müəllimlərim, valideynlərim, bütün qohum-əqrəba məndən yüksək bal gözləyirdi. Onda onların, mənim həmin vaxt nə hiss etməyim, həmin vaxtkı sağlamlıq durumum, keçirdiyim həyəcan, gələcəkdə kim olacağım, yüksək balın həyatımda nə rol oynayacağı, türklər demiş, umurlarında belə deyildi. Amma mən mütləq yüksək bal toplamalıydım, belə lazım idi. Lazım idi, vəssalam.

Sabah imtahan olacaqdı və mən gecə yarısına kimi oturub dərs oxumuşdum. Çox vaxt olduğu kimi. Gecə yuxusuz qalanda həmişə səhərlər yuxu görürəm. Səhər 6-da telefonun zəngi çalıb məni oyadacaqdı, amma mən yuxu gördüyüm üçün oyana bilmirdim.

Yuxuda yarıtikili evin taxta milləri üstündə çox ehtiyatla addımlayırdım. Birdən taxta qırıldı və mən yıxıldım. Bu vaxt azan verildi. Yuxudakı azan səsi oyatdı məni. Oyanan kimi də dedim, deyəsən, universitetə qəbul ola bilməyəcəm. O vaxt fikrim ancaq qırılan taxtada və yıxılmağımda idi. Bu da qorxu və həyəcanımı daha da artırdı.

İmtahan vaxtının yarısını ancaq əsdim, su içdim, dərman içdim. Nəticə isə belə oldu: mən 442 balla ali məktəbə qəbul ola bilmədim. Yüksək bal toplayacağımı güman edib ancaq ona uyğun fakültələr seçib yazmışdım.

Nə isə, nə başınızı ağrıdım, arzum ürəyimdə qalmışdı və mən otağa qapanıb ancaq ağlayırdım, utanırdım, xəcalət çəkirdim. Gözləntini doğrultmamışdım. Onda məni "canın sağ olsun" deyimləri təsəlli etmirdi. Amma mən zəhmətimin bəhrəsini görməliydim, ona görə də təklif edilən fakültələr üzrə təhsil almaq istəmədim. Məhz arzuladığım yerdə oxumalı idim, içimdə belə deyirdim.

Hazırlıq müəllimlərimdən biri ilə görüşüb söhbətləşdim. Elə o söhbətdə dediyi söz o vaxt da, bu gün də əlimdən tutan bir əldir, gücdür, ümiddir: "Sənin ali məktəbə qəbul ola bilməməyinə başqa izah verə bilmirəm, demək ki, yaxşısı budur. Yəqin ki, Allah səni hansısa bir fəlakətdən belə qorumaq istəyib..."

Bu fikrə inanmaq istədim və inandım. İnamım mənə güc verdi. Heç nə olmamış kimi daha böyük həvəs və əzmlə növbəti il də ali məktəbə hazırlaşdım və baxardım, məhz arzuladığım ixtisas üzrə təhsil aldım. Diplom aldım.