Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var


Şou-biznes 16 May 2018 10:06:00 273 0

Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var

Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb.

Son.az oxu.az-a istinadla müğənnini 225 min manat pulunu mənimsəməkdə ittiham edən keçmiş sponsoru Nuriyyə Əhmədovanın müsahibəsini təqdim edir:

- Günayla nə vaxt tanış olmusunuz və necə oldu ki, ona pul ayırmaq qərarına gəldiniz?

- 2009-cu ilin yanvar ayında tanış olmuşuq. 2008-ci ildən bəri sponsorluq etmək üçün müğənni axtarırdım. Səidə Sultan, Xuraman Şuşalı ilə görüşdüm. Ülviyyə Alovlu, Nərminə Qafarlıya mənə müğənni tapması üçün müraciət də etdim. May ayında modelyer Zümrüd Mirzəliyevanın vasitəsilə prodüser Təranə Səmədovaya müraciət etdim. Zümrüd də modelyer olmaq istəyirdi, inşallah olar. Biz böyük tədbirlər təşkil edirdik. Fikirləşdik ki, bizə müğənni lazımdır. Ona görə də Günayla tanış olub işləməyə başladıq.

- Bəs necə oldu ki, ayrılmaq qərarı verdiniz?

- Bizim razılaşmamız belə idi ki, Günay normal pul qazanmağa başlayanda pullarımı qaytaracaq. Vaxt gəlib çatanda Günay telefonlara cavab vermirdi. Bir gün var idi, bir gün yox idi. Sevincə (Günay İbrahimlinin köməkçisi - red), Təranəyə bir ləkə yaxdı ki, bunlar pisdir, işləmək istəmirəm. Toma xanımla (Prodüser Tamilla Hüseynəliyeva (Elton Hüseynəliyevin həyat yoldaşı) - red) işləyəndə oturub söhbət etdik ki, pulları qaytarmaq lazımdır. Günay da dedi ki, bilmirəm nə qədər pul xərclənib.

Dedim ki, dəftər, hesab-kitab var, hər şey yazılıb. Sən bilmirsən ki, sənə nə qədər pul xərclənib? Tomaya dedim ki, bir müğənnini ərsəyə gətirmək üçün nə qədər pul xərcləmək lazımdır? Toma normal iki yüz min manat xərclənəcəyini söylədi. Əlavə etdi ki, Günayın "qiymət"ini qaldırmışam, kampaniya yaxşı gedir. Sentyabr ayından yaxşı ödənişlər edəcəyik. Ondan sonra Günay Tomadan da ayrıldı, sonra yoxa çıxdı.

- Demisiniz ki, əlinizdə müqavilələr olub...

- Müqavilələr olub, ancaq nə qədər pul xərclədiyimiz qeyd olunmayıb. Hansı bəstəkara, rejissora verdiyin pula görə çek alırsan? Başqa cür işləyən var ki?

- Bəs məsələ "Bandotdel"ə necə gedib çıxdı?

- Mən bir il gözlədim. Xəbər çıxmadı. Götürüb rəsmi müraciət etdim. Qadınam, nə etməliyəm ki?

- Demisiniz ki, 225 min borcu var. O puldan heç ödəniş etməyib?

- Bircə dəfə Günay özü 2 min pul gətirib, lap 5 min pul ödəyib. Amma ortada bu qədər məbləğ var axı...

- Bəs ödəməmək üçün nə bəhanə gətirirdi?

- Heç bir bəhanə gətirmirdi. Sadəcə yoxa çıxırdı. Biz BMCMİ-də üzləşmişik. Dedi ki, 20 min pul qoymusan. Təkcə İsmayıl Əsədovun mahnısını alanda bu qədər xərc çıxmışdı. 20 min absurd rəqəmdir. 100 min desə dərd yarıdır. Biz elə-belə bəstəkarlardan mahnı almamışıq. Hərəsinə 5 min, 7 min pul çıxırdı. Rejissor Ülviyyə Könüllə şəxsən özüm görüşmüşdüm. Onu danışdıra bilərsiniz. Ona indi hansısa geyim firması barter və reklam üçün müraciət edir. Onda Günaya heç kim paltar vermirdi. Elşad Xoseyə qonorar vermişdik ki, Günayla oxumağa razılıq versin. TV-lərə, mediaya nə qədər pul ödəyirdik. Günay onda qazanmırdı axı...

- Pul xərcləyirdiniz. Hansısa məclisə gedəndə qazandığı pulu geri verirdi?

- Haradasa aylıq 15 min gəliri olurdusa, onun üstünə də pul qoyub, yenidən Günaya xərcləyirdik. 

- Günay açıqlama verib ki, mənə o qədər pul xərcləməyib. Bu məbləğ Azərbaycan reallığı üçün uyğun deyil.

- Hər şey qeyd olunub. İstintaq zamanı ortaya çıxacaq.

- Günay ilk öncə "Bandotdel"ə gəldiyini təkzib edib. Daha sonra açıqlamasında etiraf edib...

- Gəlmişdi. Etiraz da etməyib. Yanında atası və anası da olub.

- Açıqlamasında qeyd edib ki, siz evlərinə gedib Günayın atasını və anasını hədələmisiniz...

- Pulumu tələb etmişəm. Bunun adı hədədirsə, olsun belə.

- Bəs atası və anası nə dedi?

- Onlar dedi ki, qaytaracağıq. Daha sonra anası gəlib izahat verib ki, bizim ona borcumuz 17 min manatdır. Sual verdim ki, hansı pul xərclənəndə qızının yanında olmusan ki, 17 min pul xərclənib deyirsən?

- Deyib ki, siz ona kreditlə maşın almısınız. Daha sonra onun pulunu Günayın anası ödəyib. Sonra isə maşını sizə bağışlayıb...

- Maşının krediti və xərclərini "NBC Bank"a gələn gəlirdən ödəyirdilər. Yəni - yatırılan puldan. Günaya lazım olanda mənim "Range Rover"imi də sürürdü. Hansı maşını istəyirdi, həll edirdik, sürürdü. Daha sonra həmin maşını onun üçün aldıq ki, avtomobili olsun. Sonda isə şirkət sahibi olduğuma görə, maşınımı geri aldım. Anası o boyda pulu haradan alıb ödəyirdi? Əgər elə pulları var idisə, qızının ulduz olması üçün niyə sponsor axtarırdı? 

Günayın "Eurovision"un seçim turunda  yer tutması üçün nə qədər pul xərclənib. Axırda xəbərdar etdilər ki, Günay seçimdən keçməyəcək. Reklamlarına, bilbordlarına nə qədər pul xərclənib.

- Həmçinin bildirir ki, müqaviləniz Zümrüd Mirzəliyeva ilə olub...

- Komanda yaratmışdıq. Xəyallarım böyük idi. Dedim ki, Zümrüd də bizimlə çalışacaq. Ancaq pulun insana bu qədər təsir edəcəyini bilmirdim.

- Şikayətiniz nədən ibarətdir?

- Hesab edirəm ki, Günay dələduzdur. Pulunu qaytaracam deyib, qaytarmadı.

- Əlinizdə sübut olaraq səsyazma filan var?

- Hazırda səsyazma sübut hesab olunmur. Bu işin şahidləri bir-iki nəfər deyil. Kimlərin mahnılarını almışıqsa, bir-bir çağırsınlar. Əksəriyyətinə əlbə-əl pul vermişəm. Qanuna müraciət etmişəm. Əminəm qanun öz yerini tutacaq. O məbləğin hesablanması, ekspertizalar, şahidlər hamısı BMCMİ-nin öz işidir. 

- Açıqlamanızda demisiniz ki, Rəşad (Günayın sevgilisi - red.) ona kömək edir...