Almaniyanın Frankfurt şəhərində IMEX sərgisi açılıb (FOTO)


Digərləri 15 May 2018 17:22:00 277 0

Almaniyanın Frankfurt şəhərində IMEX sərgisi açılıb (FOTO)

Azərbaycan Konqreslər Bürosu iştirakçı ölkələr arasında ən yaxşı nümayiş stendinə görə təşəkkür məktubu alıb

Bakı. Mayın 15-dən Almaniyanın Frankfurt şəhərindəki “Frankfurt Messe”də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi açılıb. Trend-in məlumatına görə, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi bu sərgidə respublikamızı Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla təmsil edir. Mayın 17-dək davam edəcək sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi ilk gündən təşkilatçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. IMEX rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik məktubu bunun əyani təsdiqidir. Məktubda Azərbaycan Konqreslər Bürosuna yüksək səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-in təşkilati və satış işləri üzrə baş meneceri Oliver Bailey Büronu sərginin ilk günündən əldə etdiyi uğura görə təbrik edib. İMEX sərgisi hər il dünyanın MİCE sənayesinin bütün sektorlarından 3500-dən çox təchizatçını Frankfurtda bir araya gətirir. Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.