Növbəti startap turu Lənkəranda keçiriləcək


Digərləri 15 May 2018 12:30:16 204 0

Növbəti startap turu Lənkəranda keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir.

Bakı. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti startap turu Lənkəran şəhərində keçiriləcək. Tədbir 18 may 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq. Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, “Microsoft” şirkətinin təşkilatçı, “Azercell” şirkətinin və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turlarında iştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir. Lənkəran şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər. Startap turu çərçivəsində Lənkərana 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər Lənkəran üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.