Bakıda nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası keçirilir


Digərləri 15 May 2018 12:16:58 215 0

Bakıda nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası keçirilir

Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası öz işinə başlayıb.

Bakı. Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası öz işinə başlayıb. Azərbaycan Hava Yolları QSC-dən Trend-ə verilən məlumata görə, tədbirin ilk günü qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunu ziyarət edərək yeni aerovağzal kompleksi Terminal 1-in, “Silk Way Technics”, “Silk Way Business Aviation”, “Baku Cargo Terminal” və “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) fəaliyyəti ilə tanış olublar. İclasda nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində aktual mövzular, ağır hadisələrin araşdırılması nəticələri, nəqliyyatda təhlükəsizliyin artırılmasına yönələn tövsiyyələrin işlənib hazırlanması və tətbiqi, belə tövsiyələrin dövlət orqanları tərəfindən implementasiyasının monitorinqi müzakirə olunur. İclas iştirakçıları yeni texnologiyaların nəqliyyatda təhlükəsizliyə təsiri və hadisələrin araşdırılması zamanı bu təsirin nəzərə alınmasının vacibliyi mövzusunu müzakirə olunacaq mövzular sırasına daxil edib. Belə problemlərə pilotsuz nəqliyyat sistemlərinin artan tətbiqi, süni intellekt elementlərinin tətbiqi ilə infrastruktur və nəqliyyatın kompüterləşməsi, yeni naviqasiya, axtarış və xilasetmə, və s. sistemlərin tətbiqi aiddir. Belə yüksək səviyyədə görüş Azərbaycanın paytaxtında ilk dəfə keçirilir və iqamətgahı Bakıda yerləşən Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şura tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində regional əməkdaşlığın inkişafı strategiyasının həyata keçirilməsi çərçivəsində təşkil olunur. Bu strategiya ICAO və IATA-nın avianəqliyyatın əlçatanlığının artırılması, mülki aviasiya və uçuşların təhlükəsizliyinin təmin edilməsinin səmərəliliyi üzrə təşəbbüslərinin həyata keçirilməsinə yönəlib.