Trampın İrana qarşı qəzəbi kimə xeyir edir?


Dünya 11 May 2018 11:53:38 274 0

Trampın İrana qarşı qəzəbi kimə xeyir edir?

Neftin dünya bazarındakı qiyməti son illərdə ən yüksək səviyyəyə qalxıb.

İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərir. Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşır.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranla bağlı son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir: "Belə ki, ötən il 2,13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında "qara qızıl" nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var. Bu, iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Cənub qonşumuz sanksiyalar fonunda gələn il dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq".

Ekspert bu qərarla bağlı digər maraqlı məqama da diqqət çəkib: "Səudiyyə Ərəbistanı ilə silah alverinə dair bir il öncə 110 milyard dollarlıq saziş imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır. Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir".

V.Bayramov hesab edir ki, İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir: "Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə, 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxilolmalarının artması baxımdan vacibdir. Bununla yanaşı, sanksiyaların İranla əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə, o zaman yeni sanksiyalar İranla iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək".

İlkin İzzət Son.az