Atasını zəhərləyib öldürən oğlanın hekayəti


Digərləri 10 May 2018 21:35:00 292 0

Atasını zəhərləyib öldürən oğlanın hekayəti

Son.az lent.az-a istinadən  "kinoda neorealizmin əsasını qoyan italyan rejissoru Roberto Rosselininin (1906-1977) "Almaniya, sıfır ili" filmi barədə Sevda Sultanovanın yazısını təqdim edir.

Roberto Rosselini Romada memar ailəsində anadan olub. Atası Romada ilk kinoteatrı qurub və uşaqlıqda Rosselininin filmlərə məhdudiyyətsiz  baxmaq imkanı vardı. Gəncliyində özünü kinonun müxtəlif sahələrində sınayan Rosselini böyük təcrübə toplayır.

İkinci Dünya Müharibəsi zamanı Rosselini çətin vəziyyətdə idi. Bir tərəfdən köhnə tanışı Vittorio Mussolininin sayəsində rəsmi şəkildə kino-sənayedə işləyirdi, başqa bir tərəfdən isə əl kamerası ilə antifaşist reportajlar çəkirdi.

1941-ci ildə o, ilk tammetrajlı bədii filmini "Ağ gəmi"ni çəkir. Real döyüşlər gedən bölgədə lentə alınan film İkinci Dünya Müharibəsi zamanı italyan dəniz donanmasının fəaliyyətindən bəhs edir.

1942-ci ildə rejissorun çəkdiyi  "Pilot qayıdır" və "Xaçlı adam" filmlərində müharibənin iztirablari təsvir edilib və hər iki ekran əsərində mümkün qədər sənədlilik saxlanılıb.

1945-48 arası Rosselini "müharibə trilogiyası"nı lentə alır. Müharibənin sonlarında o, ssenarisiz və həvəskar aktyorlarla müharibədən sonrakı Avropa kinosunun manifestinə çevrilən, Kannda "Qızıl Palma Budağı" alan "Roma açıq şəhərdir" dramını çəkir.

Film müqavimət hərəkatının üzvləri olan romalıların faşizmə qarşı mübarizəsini anladır. Bu filmdə baş rolu oynayan Anna Manyani ilə rejissorun çılğın romanı başlayır.

Trilogiyaya daxil olan ikinci film-"Payza"  altı novelladan ibarətdir. Novellalar sənədli kadrlarla başlayır və hər əhvalatda bir insan taleyi əks olunur.

"Sevgi" (1948) filmində Anna Manyani iki müxtəlif qadın obrazı yaradır. Jan Koktonun "İnsan səsi" pyesi əsasında hazırlanan melodram bir qadının eşq hekayətini anladır. Federiko Fellininin ssenarisi əsasında ekranlaşdırılan "Möcüzə"də isə hamilə qalan qadını sevgilisi aldadır.

1940-cı illərin sonunda Rosselini İtaliyanın ən tanınmış rejissoru idi. 

1948-ci ildə rejissor Hollivud ulduzu İnqrid Berqmandan əməkdaşlıq təklifi alır.  Növbəti il Berqmanın da baş rol oynadığı "Stromboli" filmini çəkir. Əsir qadının taleyini anladan filmin çəkilişləri zamanı Rosselini ilə Berqman arasında eşq romanı  başlayır. Onların münasibəti ictimai qalmaqala səbəb olur. Çünki hər ikisi ailəli idi. Sevgililərin nikahdan üç uşağı - bir oğlu və iki qızı doğulur. Qızlardan biri İzabella Rosselini məşhur model və aktrisadır.

Rosselini ilə Berqmanın müştərək layihəsi uğur qazanmadı.

1950-ci illərdə onlar ayrıldılar.

Rejissorun 1951-ci ildə çəkdiyi "Assizli Fransisk, Tanrının menestreli" (orta əsrlərdə İngiltərədə və Fransada gəzərgi şair və çalğıçı-red)  filmi dini-mistik motivlərə əsaslanır. Film Assizli Fransiskin (məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisi-red). həyatının ayrı-ayrı epizodlarından ibarətdir.

"General Della Rovere" (1959) rejissorun son uğurlu filmi oldu. İtalyan jurnalisti və tarixçisi İndro Montanellinin romanı əsasında ekranlaşdırılan filmdə fırıldaqçı Bardone insanların etibarını qazanmaq üçün özünü polkovnik kimi qələmə verir. O, almanların həbs elədiyi adamların qohumlarından pul alaraq onlara kömək edəcəyini deyir.