"Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq"


Digərləri 09 May 2018 12:34:29 291 0

"Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq"

2018-ci ilin sonlarından Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Dünya Limanları Konfransında çıxışı zamanı deyib.

R.Quluzadə bildirib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və s. kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfrasın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir: "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Bildiyiniz kimi, nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır".

Nazir qeyd edib ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: "Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artrmasında mühüm rol oynayır".

R.Quluzadə vurğulayıb ki, Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir: "Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə cənab Prezidentin sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb. Bütün bunlar isə Azərbaycana və tərəfdaşlarına böyük iqtisadi dividendlər gətirir, regionun strateji əhəmiyyətini artırır".

O əlavə edib ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır:

"Yeni Bakı Limanının artıq 1-ci fazasının tamamlanması ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulmasına və Azərbaycanın tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirməsinə səbəb olacaq. Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər".