Bakı: SAT imtahanı hansı səbəbdən təxirə salındı?


Digərləri 08 May 2018 22:25:00 260 0

Bakı: SAT imtahanı hansı səbəbdən təxirə salındı?

Mayın 5-də Bakıda keçirilməli olan beynəlxalq SAT (Scholastic Assessment Test) imtahanı təxirə salınıb. Bu imtahan ABŞ və bir çox xarici ölkələrin universitetlərinə qəbul olmaq üçün tələb olunur.

İmtahanın təxirə salınmasına səbəb isə, bəzi valideynlərin sosial şəbəkələrdə yazdıqlarına görə, "imtahan cavablarının satılması" olub.

İmtahanı təşkil edən College Board-dan cavab almaq hələlik mümkün olmayıb.

Hərçənd qurumun saytında yazılıb ki, dünya üzrə 40-dan çox yerdə imtahanların keçirilməyi təxirə salınıb.

İmtahanın təxirə salındığı yerlər arasında ABŞ-ın Kaliforniya, Florida, Havay, Georgia ştatlarındakı imtahan mərkəzləri, eləcə də Qazaxıstan, Monqolustan, Livan və Çin kimi ölkələr var.

College Board artıq mayın 19-da yeni imtahanın keçirilməsi üçün Azərbaycanda olan imtahan mərkəzlərinə müraciət edib, müxtəlif imtahan mərkəzləri BBC Azərbaycancaya bildirib.

"SAT imtahanlarının təşkilat komitəsi imtahandan bir gün əvvəl elektron məktub göndərərək imtahanın vaxtının təxirə salındığını bildirib. Səbəb kimi isə imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi göstərilib", Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə bildirib.