Ermənistanda yalnız siyasi fiqurlar dəyişir: Paşinyanın hakimiyyət davası


Digərləri 08 May 2018 20:20:00 287 0

Ermənistanda yalnız siyasi fiqurlar dəyişir: Paşinyanın hakimiyyət davası

Yerevanda aprelin 13-dən sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən, Sarkisyanın vəzifəsindən istefası ilə nəticələnən etiraz aksiyalarının rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanın baş naziri seçildi. Mayın 8-də parlamentin xüsusi iclasında 59 deputat Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verdi.

Paşinyan baş nazir kimi ilk səfərini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa edəcəyini və ilk növbədə, Ermənistan silahlı qüvvələrinin və milli təhlükəsizlik orqanlarının rəhbərliklərinin məruzələrini dinləyəcəyini açıqladı.

Bundan əvvəl, parlamentin mayın 1-də keçirilmiş iclasında baş nazir seçilə bilməyən Paşinyan çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tam dəstəklədiyini, bu rejimin dünya ölkələri tərəfindən tanınmasına çalışacağını bəyan etdi. O, bir qədər də irəli gedərək həyasızcasına bildirmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın "aqressiv ritorika"nı dayandırmasına nail olmalıdır.

Bugünkü iclasda isə Paşinyan çıxışına Azərbaycanın işğal altındakı Şuşa şəhərinin mayın 8-də ermənilər tərəfindən "azad olunması"ndan danışmaqla başladı...

Paşinyan deputat kimi hələ 2016-cı ilin yayında Dağlıq Qarabağdakı separatçı rejimə "maddi yardım üçün toplanmış maliyyə vəsaitinin xərclənməsinin yoxlanılması" məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, aprel döyüşlərində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğratdığı Ermənistan silahlılarının "qəhrəmanlığı"ndan dəm vurmuşdu.

2017-ci ilin fevralında isə Belarusun Ermənistandakı səfirliyinin qarşısında işğal olunmuş ərazilərimizdə yaşayan bir sıra şəxslərlə əlbir olub cinayət əlaqəsinə girən Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına etiraz əlaməti olaraq keçirilmiş aksiyada Paşinyan "qısa müddət ərzində Ermənistanı tərk etmək" tələbi yer alan bəyanatı Belarus səfirinə verməyə cəhd etmişdi.