Təqsirləndirilən şəxs: “Pullar Arif Əsgərova və onun oğluna verilib”


Digərləri 08 May 2018 14:44:00 242 1

Təqsirləndirilən şəxs: “Pullar Arif Əsgərova və onun oğluna verilib”

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Gəray Abbasov ifadə verib.

O bildirib ki, iş üzrə zərərçəkmiş Qoşqar Zeynalov ona qohumu Rahib Hüseynovla birlikdə iş qurmaq təklifi edib: "Mən bizneslə məşğul oluram. Qoşqar mənə dedi ki, Rahib xaricdən dəmir yolu qatarının yataq dəstləri üçün üzlük gətirir. Mən də buna görə iş qurmaq adı ilə Qoşqar Zeynalova 800 min ABŞ dolları məbləğində pul verdim. Qoşqar pulu Rahibə verəcəyini deyib. İlk aylarda Rahib verilən pulların faizini Qoşqar vasitəsilə mənə verdi. Sonra isə pulu verməkdən imtina elədi. Mən onunla dəfələrlə görüşdüm, lakin pulu vermədi. Bir müddətdən sonra Rahibi həbs elədilər. 800 min dollardan mənə ümumilikdə 95 min dollar qaytardı".

Şahid deyib ki, Qoşqar Zeynalova etibar etdiyi üçün pulu ona verib. Şahid prokurorun və hakimin suallarını cavablandırıb. Şahid deyib ki, o, Azadlıq prospektində yerləşən obyektini 700 min ABŞ dollarına sataraq, bu pulu iş qurmaq adı ilə Qoşqar Zeynalova verib.

Təqsirləndirilən Rahib Hüseynov da ifadə verərək, 800 min dollar pulu Qoşqar Zeynalovun ona yox, Arif Əsgərovun oğlu Elnar Əsgərova verdiyini deyib.

Sonra digər şahid qismində Zeynal Bayramov ifadə verib. Şahid deyib ki, 2011-ci ildə 1 milyon 725 min manat məbləğində pulu Qoşqar Zeynalova verib: "Qoşqar Zeynalov mənə dedi ki, qohumu iş görür və bu pulu iş qurmaq məqsədilə ona verdim. Bizneslə məşğul olurdum, obyektimi satıb bu pulu ona verdim. Rahib Hüseynovla pulla bağlı söhbətim olmayıb, mən pulu Qoşqara vermişəm. Pulu da ondan tələb edirəm".

Təqsirləndirilən R.Hüseynov isə Q.Zeynalovun pulları ifadə verən şahidlərdən aldığına inanmadığını deyib: "Mən əminəm ki, bu şahidlərdə o qədər pul ola bilməz. Yenə deyirəm ki, pullar mənə yox, Arif Əsgərovun oğlu Elnar Əsgərova çatıb".