Türk dünyası piratçılığa qarşı mübarizəni gücləndirir (FOTO)


Digərləri 07 May 2018 20:23:00 255 0

Türk dünyası piratçılığa qarşı mübarizəni gücləndirir (FOTO)

İstanbulda toplanmış “Türk dünyasının” 10-dan artıq ölkəsindən olan nümayəndələr piratçılığın mədəni, hüquqi, iqtisadi inkişafa, ümumən, ictimai tərəqqiyə vurduğu zərərin müxtəlif aspektlərini müzakirə edib.

Bakı. İstanbulda toplanmış “Türk dünyasının” 10-dan artıq ölkəsindən olan nümayəndələr piratçılığın mədəni, hüquqi, iqtisadi inkişafa, ümumən, ictimai tərəqqiyə vurduğu zərərin müxtəlif aspektlərini müzakirə edib, oğurluğun bu növünə qarşı mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Baş Direktorluğu və “Türk Dünyası” Vakfının birgə təşkilatçılığı ilə həyata keçirilən “Beynəlxalq müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq layihəsi”nin silsilə tədbirlərində Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, habelə Mərkəzi Asiya və Balkan ölkələrinin əqli mülkiyyət sahəsində fəaliyyət göstərən dövlət qurumları və ictimai təşkilatları təmsil olunublar. Layihə ötən ildən reallaşır, artıq layihə çərçivəsində Almatı (Qazaxıstan), Sarayevo (Bosniya və Herzeqovina), Tiflis (Gürcüstan) və Kiyevdə (Ukrayna) tədbirlər keçirilib, yekun iki seminar isə Bosfor sahillərində təşkil olunub. İstanbul çalışmaları “Müəllif hüququnun əhəmiyyəti və piratçılığa qarşı mübarizə sahəsində ictimai maarifləndirmə fəaliyyətləri” və “Müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq fəaliyyətləri ilə əlaqədar ölkələrin gələcək perspektivləri və təklifləri” mövzularına həsr edilib. Bu müzakirə bütün çıxışların məğzini müəyyən edib, adıçəkilən sahənin bir çox problemli məsələləri müzakirə edilib, bu məsələlərin yoluna qoyulması üçün konkret təkliflər verilib, xüsusən də piratçılığa qarşı mübarizənin güçləndirilməsi istiqamətində addımların atılmasının zəruriliyi vurğulanıb. Tədbir iştirakçıları piratçılığa qarşı mübarizənin türk dünyası tarixi və coğrafi regionun ölkələrinin əqli mülkiyyət hüquqlarının, folklor nümunələrinin və ənənəvi biliklərin qorunmasında müasir texnologiyaların yaratdığı imkanlardan yararlanaraq, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini, bu xüsusda əldə edilən əqli mülkiyyət nəticələrini kommersiyalaşdırmasının verə biləcəyi töhfənin iqtisadi inkişafa müsbət təsirini vurğulayıb, həmçinin müxtəlif aktual məsələlərlə əlaqədar vahid mövqe formalaşdıraraq beynəlxalq təşkilatlarda, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatında və YUNESCO-da birgə çıxış edilməsini qeyd ediblər.