BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib (FOTO)


Digərləri 07 May 2018 18:14:00 273 0

BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. BDU-dan Trend-ə verilən məlumata görə, universitetin Böyük akt zalında keçirilən tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin universitetdə beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb. Rektor ulu öndərin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründəki misilsiz xidmətlərindən, müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan danışıb, onun fəaliyyətinin əsas qayəsini elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibətin təşkil etdiyini bildirib. A.Məhərrəmov Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını xatırladaraq onun hər zaman BDU-ya xüsusi diqqətlə yanaşdığını, qarşıya qoyduğu ali məqsədlərin universitet kollektivinin fəaliyyətinin əsasına çevrildiyini qeyd edib. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir”, - deyən rektor A.Məhərrəmov ümummilli liderin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.