Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə "İnsan Kapitalı Forumu2018" keçirilib


Digərləri 07 May 2018 12:43:00 319 0

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə "İnsan Kapitalı Forumu2018" keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə Bakıda "İnsan Kapitalı Forumu - 2018"  keçirilib. Tədbirdə ölkəmizdəki maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak ediblər.

Açılış nitqi zamanı ABA-nın prezidenti Zakir Nuriyev Azərbaycanda insan resursları sahəsində görüləsi işlərdən danışıb: "Belə bir tədbirin təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaqdır. Ümid edirik ki, bütün bunlar qarşıya qoyulmuş məqsədlərə çatmaqda faydalı olacaq".

Forum 2 panel üzrə davam etdirilib. "Uğurun açarı: nailiyyətin əldə olunmasında insan kapitalının rolu" mövzusuna həsr olunmuş ilk panelə moderatorluq edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan Resursları İdarəsinin rəisi Aytən Hüseynova müasir iş dünyasında insan kapitalının rolu barədə söhbət açıb: "İnsan resursları sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaq, insan kapitalının inkişafında çox önəmlidir".

Forumun ilk panelində insan kapitalının formalaşmasında HR menecerlərinin rolu, istedadlı kadrların işə cəlb olunması və motivasiyası, insanların dəyişiklik qorxularının aradan qaldırılması, qiymətləndirmə alətləri, DİSC metodologiyası ilə bağlı təqdimatlar olub. Bu mövzularda təqdimatlarla Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev, "Gilan Holdinq"in HR direktoru Allahverdi Bağırov, natiqlik üzrə beynəlxalq təlimçi və kouç Rəşad Bayramov, "İş Kavramları Danışmanlık Hizmetleri" şirkətinin rəhbəri və HR məsləhətçi Hasan Tahsin Güngör, ABTM-in biznesin inkişafı üzrə meneceri Rauf Ağayev çıxış edib.


Xəbərə aid fotolar