Bakıda iki böyük ticarət mərkəzinin arasında “ölüm yolu” FOTO


Digərləri 06 May 2018 19:39:00 311 0

Bakıda iki böyük ticarət mərkəzinin arasında “ölüm yolu”  FOTO

"8-ci kilometr bazarı" yaxınlığında, "Lotos" və "Diqlas" ticarət mərkəzlərinin arasındakı yolda ictimai nəqliyyatın hərəkəti, qəfil sərt döngədən çıxaraq aşağı doğru hərəkət etməsi hər gün yüzlərlə insanın həyatını təhlükə qarşısında qoyur. Piyadaların sıx hərəkət etdiyi yolda avtobusları şütüyür. Dayanacağı "Lotos" və ticarət mərkəzinin arxasında sərnişin avtobuslar hər dəfə insan kütləsini yararaq aşağı doğru hərəkət etməyə çalışırlar.

Piyadalar isə hansı təhlükə ilə qarşılaşdıqlarının fərqində deyillər. Müşahidələrimiz zamanı öyrəndik ki, 20, 103, 105, 141 və 214 nömrəli marşut avtobusları bu "ölüm yolu"ndan keçirlər.

Son.az musavat.com-a istinadən bildirir ki, ərazidə olduğumuz zaman müşahidə etdik ki, marşrut avtobusları bazar istiqamətində sıx hərəkət edən piyadaların bir addımlığından keçir. Ticarət mərkəzlərinin ətrafında xırda mağazalar və səyyar satıcılar olduğundan vəziyyət bir qədər də dramatikləşir. Yuxarıdan gələn avtobuslar piyadaları yara-yara enişə doğu irəliləyir. Magistral yola çatdıqda isə daha bir problem yaranır. Bu zaman həmin avtobuslar "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən nəqliyyatın qarşısını kəsir, nəticədə tıxac yaranır.

Xatırlayırsınızsa, məhz burada 2016-cı ilin aprel ayında ölümlə nəticələnən yol qəzası baş vermişdi. Belə ki, 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus, yolun qadağan olunmuş hissəsindən keçən piyadaları vurduqdan sonra 30 saylı marşrut avtobusuna çırpılması nəticəsində 60 yaşlı bir qadın ölmüş, 9 nəfər sərnişin xəsarət almışdı.

Hadisənin əsas günahkarı yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü olsa da, nəqliyyatın hərəkətinin sıx olduğu yerdən yolu keçməyə çalışan piyadaların da məsuliyyəti az deyildi. Artıq bu hadisədən 2 il ötür, lakin heç bir tədbir görülməyib. Heç nə olmamış kimi hər şey əvvəlki qaydada davam edir.

Yenə də, piyadalar yaxınlıqdakı yeraltı keçidi qoyub maşınların arası ilə yolu keçir, yenə də marşrut avtobusları qaçdı-qovdu oyunu oynayır, yenə sıxlıq, yenə tıxac və zilə qalxan siqnal səsləri...

Bazarın qarşısında dayanan taksi və yük maşınları isə vəziyyəti daha da acınacaqlı hala salır. Belə ki, onlar üçzolaqlı yolun bir zolağını zəbt edirlər. Bazardan bir xeyli kənarda sərnişinlər üçün dayanacaq qurulsa da, həmin yer istifadəsiz qalıb. Çünki marşrutlar harada gəldi, necə gəldi sərnişinləri mindirib, düşürürlər. Belə olan halda sərninişlər onlar üçün ayrılmış yerlərdən kənarda dayanmalı olurlar.


Xəbərə aid fotolar