Ani körpə ölümlərinin səbəbi nədir?


Digərləri 04 May 2018 22:47:00 293 0

Ani körpə ölümlərinin səbəbi nədir?

"Qohum olmasanız belə, gen problemi qaçılmazdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Dünyaya 6 uşaq gətirmişəm. 4 uşağımı doğulandan sonra 1-2 aylıqlarında səbəbsiz yerə itirdim. Çox sarsıldım və o travma ilə artıq dünyaya uşaq gətirməyə qorxurdum. Bütün belə sarsıntı yaşayan analar kimi taleyimdən şikayətlənirdim. Daha sonra həkim nəzarətində 2 uşağım oldu. Onlar tam sağlamdırlar. Lakin 4 uşağımın hansı səbəbdən öldüyünü hələ də dərk etmirəm".

Aliyə kimi övlad itkisini yaşayan valideynlər az deyil. Təsəvvür edin, həyatına 9 ay həsrətlə gözlədiyin bir fərd daxil olur. İlk gülüşünün, ilk dil açmasının, ağlamasının, əsnəməsinin şahidi  olursan və anidən bir şey baş verir, həyatından erkən getməli olur. Bəs o baş verən nədir? Yaxud sənin düşüncəndə 8 ay problemsiz yaşanan hamiləlik ani düşüklə nəticələnir. Həqiqətən bir uşaq səbəbsiz yerə ölə bilərmi? Ümumiyyətlə, son zamanlar mətbuatda da tez-tez rastlaşdığımız uşaq ölümlərinin səbəbi nədir? Burada genetik faktorlar nə dərəcədə rol oynayır?    "Heç bir uşaq səbəbsiz ölməz"   Genetik  Zakir Bayramovdeyir ki, heç bir uşaq səbəbsiz ölməz: "Heç kim uşaq doğulmamış genetik müayinə etmədən deyə bilməz ki, uşaq tam sağlamdır. Çünki inkişafdan dayanmış hamiləliklərin 95 faizində 12-ci həftəsinə qədər xromosom patologiyaları olur. 12-ci həftədən sonra doğulan uşaqların isə 40 faizində xromosom patologiyaları aşkar olunur. Böyük uşaqlarda isə -7 aydan sonra ölümlə nəticələnən doğumlarda ümumiyyətlə, demək olar ki, xromosom patologiyaları olmur, amma onlarda gen patologiyasına rast gəlinir".  Həkim deyir ki, genlə bağlı problemlər Azərbaycan əhalisi üçün xarakterik hadisədir. Onun sözlərinə görə, hətta qohum evliliyi olmasa belə, iki yad insanın evliliyində də gen probleminə rast gəlmək olur: "Bu, Azərbaycanda həmişə böyük problem olaraq qalıb.  Sadəcə çox işıqlandırılmadığı üçün insanların məlumatı az olub. 20 il bundan öncə bu məlumatlar üzə çıxmırdı və xəstəxana çərçivəsində qalırdı. Ona görə də, bizə görünməz olurdu. Bu problem Azərbaycan əhalisi üçün xarakterikdir. Ümumiyyətlə, bir çoxları elə bilir ki, genlə bağlı problemlər qohum evliliyi olanda baş verməlidir. Amma insanlar başa düşmək istəmir ki, Azərbaycan əhalisi qohum evliliklərlə doğulmuş fərdlərdən ibarətdir. Yəni mən qohum evliliyindən doğulub, özüm yad bir insanla evlənsəm belə, yenə də uşağımda həmin patologiyanın üzə çıxma tezliyi çox yüksək olacaq. Düzdür, arzu olunmayan genlər əslində zaman keçdikcə nəsildə itməlidir. Amma 2-3 nəsil bundan qabaq hər kimdəsə qohumluq evliliyi varsa, bu amil həmin bitmiş genin üzə çıxma sürətini 100 dəfəyə qədər artıra bilir. Bu zaman da qohum olmasanız belə, gen problemi qaçılmaz olur".   "Prenatal diaqnostika ilə uşaq ölümlərinin qarşısını almaq olur"   Həkimin sözlərinə görə, uşaq ölümlərinin əksər səbəbləri genetik faktorlardır. Bu faktorlar da məhz rayon əhalisində daha çoxdur. Təsadüfi deyil ki, Azərbaycanda ani uşaq ölümlərinin əksəriyyəti bölgələrdə baş verir: "Biz şəhər əhalisi ilə rayon və kənd əhalisinin müqayisəsini aparmışıq. 6 ay ərzində apardığımız araşdırmalara əsasən, Abşeron yarımadasında, Naxçıvan və Gəncədə 500 nəfərdən 2-3-də xromosom patologiyası aşkar etdik. Rayon bölgəsində isə 500 nəfərdən 30-35 nəfər arasında bu patologiya ilə rastlaşdıq. Fərq çox yüksəkdir. Çünki şəhər əhalisi nadir hallarda qohum evliliyinə üstünlük verir. Amma bölgələrdə bunun qarşısını almaq mümkün deyil. Uşaq ölümlərinin əksər səbəbləri genetik faktorlardır. İnkişafdan qalmış hamiləliklər, abortlar, uşaq ölümləri yaşayan valideynlər ilk növbədə genetik müayinə olunmalıdır".


Xəbərə aid fotolar