Azərbaycanda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 03 May 2018 14:36:00 186 0

Azərbaycanda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (FOTO/VİDEO)

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə turizmin inişafı və yeni turizm marşrutlarının yaranması hədəflənir.

Bakı. Lənkəranda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara örtük 6 min kub.m həcmdə sökülərək, kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 12 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılır. Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, çiyin hissələr bərkidilir. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 sm hündürlükdə alt və 16 sm hündürlükdə üst qatının tikintisi işləri aparılacaq. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək. Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra əlaqələndirici bitum səpilərək yol asfaltlanacaq. Yola 7 və 5 sm hündürlükdə olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək. Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 27.5 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırlması üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək, daşınması, yatağın normativ eninin alınması üçün 13 min kub.m III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılır. Sadalanan işlər yekunlaşandan sonra 80 min kv.m sahədə yol əsasının 24 sm qalınlıqda qum-çınqıl qarışığı ilə alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işlərinin aparılması nəzərdə tutulub.