Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz işləyən GPS stansiyası qurulub (FOTO)


Digərləri 02 May 2018 10:24:00 215 0

Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz işləyən GPS stansiyası qurulub (FOTO)

Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz fəaliyyət göstərən GPS stansiyası qurulub.

Bakı. Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz fəaliyyət göstərən GPS stansiyası qurulub. AMEA Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, GPS stansiyası Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) “Müasir Geodinamika və Kosmik Geodeziya” şöbəsinin ABŞ Massaçusets Texnologiya İnstitutunun “Yer, Atmosfer və Planetar Elmlər” departamenti ilə birgə apardığı “Ərəbistan-Avrasiya plitələrinin toqquşma zonasında kontinental deformasiyaların aydınlaşdırılması” Meqa Beynəlxalq layihəsi çərçivəsində Azərbaycan GPS şəbəkəsinin genişlənməsi məqsədilə quraşdırılıb. GGİ ilə ABŞ Massaçusets Texnologiya İnstitutunun 1998-ci ildən birgə əməkdaşlığı nəticəsində Azərbaycan GPS şəbəkəsi yaradılıb və yer səthinin üfüqi hərəkətlərinin öyrənilməsi məqsədi ilə monitorinqlərin aparılması davam edir. Yeni qurulmuş Şamaxı GPS stansiyası da daxil olmaqla, hazırda bu GPS şəbəkəsinə fasiləsiz olaraq fəaliyyət göstərən 7 stansiya - Bakı, Pirşağı, Şəki, Gəncə, Neftçala, Sabirabad və Şamaxı GPS stansiyaları daxildir. Şəbəkədə 26 GPS ölçü məntəqəsi də mövcuddur ki, 1998-2018-ci illər ərzində bu müşahidə nöqtələrində 10-15 dəfə təkrar ölçü işləri həyata keçirilib.