Debütantlar və onların ambisiyaları


Digərləri 30 Apr 2018 15:22:00 240 0

Debütantlar və onların ambisiyaları

ASEP şirkətinin bu il təşkil etdiyi Azfar Biznes-Liqasının Yaz Kubokunda qrup mərhələsi artıq arxada qalıb.

Bakı. ASEP şirkətinin bu il təşkil etdiyi Azfar Biznes-Liqasının Yaz Kubokunda qrup mərhələsi artıq arxada qalıb. Trend-in məlumatına görə, bir-birindən maraqlı oyunların oynandığı turnirdə beş komanda debüt edərək turnirə rəng qatıb və bu, Təhsil Nazirliyi, R.İ.S.K. Company, Optimal, Az Logistika və Azərkosmos komandalarıdır. Ümumilikdə debütant komandalar 15 oyun keçiriblər, bu oyunlarda 4 qələbə qazanıblar, 1 oyun heç-heçə başa çatıb və 10 oyunda məğlub olublar. Komandalardan ikisi ilk dəfə turnirdə iştirak etməsinə baxmayaraq 1/8 finala vəsiqə qazanmağa nail olub. C qrupunda mübarizə aparan “Təhsil Nazirliyi” 4 xalla 3-cü yeri tutaraq 17-32-ci yerlər uğrunda mübarizə aparmaq haqqı əldə edib. Komanda qrup mərhələsində öz qapısından 16 top buraxıb, rəqib qapılarına 11 qol vurub və komandanın ən yaxşı bombardirləri hərəyə 3 qol vuran Orxan Məmmədov və Savalan Əlizadə olublar. İlk dəfə iştirak etməsinə baxmayaraq, güclü rəqiblərlə eyni qrupda mübarizə aparan “Təhsil Nazirliyi” son turda cüzi də olsa, növbəti mərhələyə çıxmaq şanslarına malik olub. Debütant komandalar arasında zəif nəticə göstərən iki komanda - “R.İ.S.K. Company” və “Optimal” olublar. Püşk nəticəsində Payız Kubokunun qalibi “Azersun"la eyni qrupa düşən “R.İ.S.K. Company” qrupda keçirdiyi hər üç oyunda məğlub olub. Rəqib qapılarından 3 top keçirən komanda, öz qapısında isə 29 top görüb. Komandanın aparıcı oyunçusu və həm də şirkətin Şəbəkə monitorinq qrupunun rəhbəri Vüsal Novruzovun fikrincə komandanın bu cür çıxışının obyektiv səbəbləri olub: “Turnir haqqında məlumatı əvvəlcə dostlarımdan, daha sonra fərqli sosial şəbəkələrdən əldə etdik. Ətraflı məlumatı isə www.abl.az saytından aldıq. Turnirdə iştirak etmək haqqında qərarı hal-hazırda komandada birlikdə oynadığım həmkarlarım ilə verdik. Çıxışımızı kafi qiymətləndirirəm. Nəticə qane etmədi, bundan daha yaxşı çıxış edə bilərdik. Ancaq nəzərə almaq lazımdır ki, komandamız heç bir hazırlıq və məşq keçirmədən yarışa qatıldı və biz komanda olaraq yalnız bu turnir başlayanda bir araya gəldik, eyni zamanda çətin qrupa düşdük. Sonuc etibarı ilə qrupda olan nəticələrimiz bizim üçün sürpriz olmadı. Komandanın yaxşı çıxış etməsi üçün ilk növbədə təcrübəsi və fiziki hazırlığı çatışmadı. Növbəti turnirdə iştirak etməyi planlaşdırırıq. İştirak edəcəyimiz təqdirdə minumum qrupdan çıxmagı hədəfləyəcəyik, əsas hədəfimiz isə yarışda ilk 5-liyi tutmaq olacaq”. Turnirə rəng qatan debütantlardan biri də “Optimal” komandası olub. “Optimal” güclü rəqiblərin yer aldığı G qrupunda mübarizə aparıb. Komanda hər üç matçda məğlub olsa da, hücum xəttində kifayət qədər aktiv olub. 11 qola imza atan komandada ən aktiv oyunçular 6 qolla Şamo Əhmədov və 3 qolla kapitan Turan Verdiyev olublar. Həmçinin İsrafil Əlili və Mətin Avazlı məhsuldar ötürmələri ilə fəal oyunçulardan olublar. Lakin komandanın müdafiə xəttində ciddi sıxıntılarının olması onların çoxlu qol buraxmalarına səbəb olub. Qapısında 36 qol görən “Optimal” ən çox top buraxan ikinci komanda olub. “Optimal” komandası həm də öz azarkeşləri ilə turnirin bəzəyi olub. Komandanı fəal dəstəkləyən şirkət əməkdaşları turnirin izləyicilərində xoş təəssürat yaradıb. Komandanın əsas oyunçularından biri olan Marketinq müdiri İsrafil Əlili turnirdəki çıxışları haqda fikirlərini bölüşərək bildirib: “Turnir haqqında sosial şəbəkələrdən xəbər aldıq və iştirak etmək qərarına gəldik. Turnirdəki iştirakımızı o qədər də qənaətbəxş hesab etmirik. Komandamızın həm yeni qurulması, həm də bu cür yarışda ilk dəfə iştirak etməsi öz təsirini nəticələrimizdə əks etdirdi. Amma əldə etdiyimiz nəticələr bizə yeni təcrübələr qazandırdı. Növbəti turnirlərdə iştirak etmək istərdik və o zaman daha yüksək hədəflər üçün mübarizə aparacağımıza inanırıq”.