Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18ci IFAC Beynəlxalq Konfransı keçiriləcək


Digərləri 27 Apr 2018 15:10:33 285 0

Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18ci IFAC Beynəlxalq Konfransı keçiriləcək

Elm, texnologiya, təhsil, mədəniyyət, siyasət, idman və s. mövzularda keçirilən qlobal miqyaslı tədbirlərə ev sahibliyi edən Bakı şəhərində avtomatika sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın - IFAC-in (IFAC - International Federation of Automatic Control) dəstəyilə beynəlxalq konfrans keçiriləcək.

13-15 sentyabr 2018-ci il tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability - Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.

IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmişdir. 1978-ci ildən IFAC təşkilatının katibliyi fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Həmin ildən etibarən dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.

TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində "Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti" (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.

Məlumat üçün bildirək ki, IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində baş tutub. 38 ildən sonra yenidən Bakıda bu nüfuzlu beynəlxalq konfransın keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir. Nümunə olaraq qeyd edək ki, "Sabitliyin yaxşılaşdırılmasında İdarəetmə və Avtomatlaşdırma", "Sabitliyi yaxşılaşdırmaq üçün texnoloji dəyişikliyin təqdimatının idarə edilməsi", "Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma", "Mexatronik sistemlər və robotlar", "Bio-tibbi sistemlər" kimi mövzular müasir dövrümüzdə çox aktualdır.

Konfransda IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti Frank Allgover də iştirak edəcək. Konfransa məqalələrin qəbulu üçün çağırış elan edildikdən sonra Avstriya, Almaniya, İrlandiya, Yunanıstan, ABŞ, Bolqarıstan, Rumuniya, Türkiyə və s. ölkələrdəki nüfuzlu alimlərdən müraciətlər daxil olmaqdadır. TECIS 2018 Beynəlxaq Konfransında dünyanın bir çox ölkələrindən alimlər, mütəxəssislər və tələbələr bir yerə toplaşacaq, müxtəlif mövzular üzrə məqalələrini təqdim edəcək, eyni zamanda sürətlə inkişaf edən ölkəmizlə və Bakı şəhəri ilə yaxından tanış olacaqlar.

Təşkilat komitəsi çoxsaylı tələbləri nəzərə alaraq konfransın gündəliyinə Bakıda yaranmış TRİZ (teoriya resheniya izobretatelskikh zadach) nəzəriyyəsini də daxil edib. TRİZ nəzəriyyəsi ilk dəfə 1946-cı ildə sovet alimi, ixtiraçısı və mühəndisi Genrich Altshuller tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyə çətin və mürəkkəb məsələlərə sistematik yanaşmaqla onların innovativ həll edilməsi üçün strategiyaların müəyyən edilməsini özündə ehtiva edir. Dünyada ilk dəfə Genrich Altshuller tərəfindən Azərbaycanda, Bakı şəhərində "Inventive Creation Institute" yaradılmış və alim özü TRİZ assosiasiyasının ilk prezidenti olmuşdur.