Aygün Bəylərin qohumunu öldürməkdə təqsirləndirilən şəxsin səhhətində problem yarandı


Digərləri 27 Apr 2018 14:35:00 293 0

Aygün Bəylərin qohumunu öldürməkdə təqsirləndirilən şəxsin səhhətində problem yarandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Məmmədzadənin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsindən məhkəməyə məktub daxil olub. Məktubda qeyd edilib ki, F.Məmmədzadənin səhhətində problem yarandığı üçün onu məhkəməyə gətirmək mümkün olmayıb.

Daha sonra prokuror vəsatət qaldırıb. Dövlət ittihamçısı qeyd edib ki, mümkünsə məhkəmə tez yekunlaşdırılıb təqsirləndirilən şəxslərə hökm oxunsun.

Hakim də söyləyib ki, vəsatətə növbəti məhkəmə iclasında baxılacaq.

Proses mayın 3-dək təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə proseslərinin birində dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: "Həmin ildə Cinayət Məcəlləsinin müddəalarında cəza hazırkı müddəalara görə yüngül olduğundan təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxazovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxazovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.