Alimin evindən külli miqdarda pul və qızıl oğurlayan xadimənin məhkəməsi başlayır


Digərləri 26 Apr 2018 18:03:00 231 0

Alimin evindən külli miqdarda pul və qızıl oğurlayan xadimənin məhkəməsi başlayır

Bakıda alimin evindən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin adlı şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son.az APA-ya istinadən xəbər verir ki, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.

İttihama görə, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Xanım Zeynalova tutulub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq zamanı Xanım Zeynalova oğurluğu Aqşin adlı tanışı vasitəsi ilə törətdiyi məlum olub.

Ümumilikdə təqsirləndirilən şəxslər zərərçəkmişin 539 min dollarını və 179 min manat məbləğində qızıl-zinət əşyasını ələ keçiriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.