BDU-da SABAH qrupları bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 25 Apr 2018 14:41:00 221 0

BDU-da SABAH qrupları bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində bu ilin mart - aprel ayları ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə Bilik Yarışlarının yekun mükafatlandırma mərasimi keçirilib.

Bakı. Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində bu ilin mart - aprel ayları ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışlarının yekun mükafatlandırma mərasimi keçirilib. Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən bilik yarışının əhəmiyyətini qeyd edib. SABAH qrupları layihəsi çərçivəsində həyata keçirilən layihələrdən danışan rektor “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının fəaliyyətini yüksək qiymətləndirib. BDU-da bir çox böyükmiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran rektor Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışının nəticələrinə əsasən, hər üç kateqoriyada BDU tələbələrinin qalib olmasından məmnunluğunu ifadə edərək onlara uğurlar arzulayıb. Təhsil ­nazirinin müavini Fir­udin Qurbanov bilik yarışını tələbələrin tədris dövründə inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və möhkəmləndirilməsində, peşəkar kadr kimi yetişdirilməsində, potensialı olan gənclərin gələcəkdə rəqabət mühitinə uyğunlaşmasında böyük addım kimi dəyərləndirib.