O Həzrətin adını Uca Allah qoyub


Digərləri 24 Apr 2018 22:40:00 281 0

O Həzrətin adını Uca Allah qoyub

4-cü hicri ilinin Şəban ayının 3-də Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ikinci övladı olan İmam Hüseyn (ə) kiçik gözlərini dünyaya açdı. O zaman ki, Peyğəmbər (s) bu xəbəri eşidir, qızının evinə tələsir. Əsmaya deyir ki, körpəni onun yanına gətirsin. Körpəni ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) körpənin sağ qulağına azan və sol qulağına iqaməni oxudu.

İmamın (ə) dünyaya gəlməsinin ilk günlərində Cəbrayil (ə) nazil olur və Həzrətə (s) buyurur: "Allahın salamı sənə olsun ey Rəsulallah! Bu körpəyə Harunun kiçik oğlu Şubəyrin adını qoy ki, ərəb dilində Hüseyn olar.

Çünki Əli (ə), sənin üçün Harunun Musa ibni İmran (ə) üçün olduğu kimidir, bir fərqlə ki, sən peyğəmbərlərin xatəmisən".

Beləliklə, bu gözəl körpənin adını Hüseyn qoydular. Körpənin dünyaya gəlişinin yeddinci günündə əqiqə qurbanı kəsildi. Körpənin saçını kəsib, o miqdarda gümüşü sədəqə verdilər.

Həzrət Peyğəmbər (s) bu dünyanı tərk edən zaman İmam Hüseynin (ə) 6 yaşı var idi.

Peyğəmbər (s) bu nəvəsi haqqında o qədər xəbərlər vermiş və onu əziz tutmuşdu ki, hamı artıq bu uşağın üçüncü İmam (ə) olacağından xəbərdar idilər.