Xəzər Neft və Qaz sərgi və konfransının tarixi və yubiley planları


Digərləri 24 Apr 2018 18:54:00 317 0

Xəzər Neft və Qaz sərgi və konfransının tarixi və yubiley planları

Bu il Xəzər Neft və Qaz "Caspian Oil and Gas" sərgi və konfransı öz mötəbər yubileyini - uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Gəlin keçmişə nəzər salaraq bütün bunların necə başlandığını və hansı uğurlara nail olduğumuzu xatırlayaq.

"Caspian Oil and Gas" sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində təsis edilib və  "Caspian Oil and Gas" sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. 

Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı. 

Sərginin iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən "BP", "OMV", "Conoco Phillips", "Statoil", "Total", "Petkim", "TPAO", "RWE" və bir sıra digər şirkətlər var. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açmışdır. 

Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə Azərbaycanın Respublikasının rəhbərinə öz salamlama məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər. 

Sərgini müşayiət edən işgüzar proqramın mühüm tərkib hissəsini isə hər il dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi "Caspian Oil and Gas" konfransı təşkil edir. Bu 25 il ərzində sözügedən konfrans Azərbaycanın zəngin neft-qaz və tranzit potensialının, o cümlədən ölkənin xarici investorlar üçün cəlbedici olmasının və işgüzar əməkdaşlıq imkanlarının müzakirə edildiyi əsas tribunaya çevrilmişdir. 

İlk Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi keçirilən zaman infrastruktur hələ inkişaf etməmişdi və bütün sərgi avadanlıqları xaricdən gətirilirdi. İnternet demək olar ki, yox idi, mobil rabitə yenicə yaranırdı, müştərilərlə əlaqə isə faks vasitəsi ilə həyata keçirilirdi. İlk sərgilərin planları kağız üzərində çəkilirdi, amma indi isə bunu təsəvvür etmək sadəcə qeyri-mümkündür. Lakin Azərbaycan bazarı sürətlə inkişaf edirdi və onunla birlikdə sərgi də sürətlə böyüyürdü. Belə ki, ötən illər ərzində sərgi regionda neft-qaz sənayesinin əsas tədbiri kimi formalaşmışdır və indi burada neft-qaz bazarının əsas oyunçuları iştirak edirlər.